İnstitutlara niyə etimad etmirik – bunu dəyişmək olarmı?
Məhkəmələr, bələdiyyələr, QHT-lər adi insanın gözü ilə...
02 Mart 2026
Azərbaycanda institutlar var, amma onlara etimad yoxdur. Problem mentalitetdədir, yoxsa dialoqun olmamasında? Əgər qərar izahsız formula kimi səslənirsə, nə yaranacaq – etimad, yoxsa şübhə? Etimadı göstərişlə yaranmır, onu qazanmaq lazımdır!
Azərbaycanda institutlar var. Formal olaraq hər şey yerindədir: məhkəmələr işləyir, bələdiyyələr mövcuddur, QHT-lər fəal şəkildə nəsə edir. Bunu dərhal qeyd etmək vacibdir. Onların binaları, lövhələri, möhürləri və hətta kondisionerləri var.
Amma məsələ onlara etimadla bağlıdırsa, vəziyyət daha mürəkkəbdir. Bizdə etimad pik saatlarda ictimai nəqliyyat kimidir: formal olaraq mövcuddur, lakin ondan istifadə etmək istəyi hər zaman olmur.
Adi bir insana sadə sual verin: Siz məhkəmələrə, bələdiyyələrə, ya da QHT-lərə etibar edirsiniz?
Cavab böyük ehtimalla fəlsəfi “ah”la başlayacaq.
Fəlsəfi “ah” isə artıq diaqnozdur.
Məhkəmə: Femidanın məbədi, yoxsa gözlənilməzlik həvəskarları klubu?
Dərsliklərdə məhkəmə ədalətin təntənə qazandığı məkandır.
Həyatda isə bəzən qeyri-müəyyənliyin də qalib gələ bildiyi yerə çevrilir.
İnsanlar məhkəməyə inamla yox, daha çox ümidlə üz tuturlar. Həmin ümid isə çox vaxt belə səslənir: “Hə… görək necə olacaq”.
Müzakirələrdə nadir hallarda hüquq normalarından danışılır. Daha çox isə başqa suallar gündəmə gəlir:
– hakim kimdir;
– kim kimin tanışıdır, kiminlə “danışmaq” olar;
– və əlbəttə, “keçən dəfə qonşuda necə olmuşdu?”
Hətta udulmuş iş belə sistemin qələbəsi kimi qəbul edilmir. Daha çox sakit bir sevinc yaşanır: “…bu dəfə bəxtimiz gətirdi”.
Ədalət uğur kimi dərk olunanda isə etimad lotereyaya çevrilir.
Bəzən insana xüsusi qərar yox, qərarın məntiqi lazımdır. Məhkəmə niyə başqa cür yox, məhz belə qərar verdi? Qərar izahsız formul kimi səslənəndə (maddələr, bəndlər, yarımbəndlər sadalanır, amma “niyə” sualına cavab verilmir) vətəndaşda belə hiss yaranır ki, nəticə istənilən cür ola bilərdi.
Məsələn, qonşunun mənzildə apardığı yenidənqurma ilə bağlı mübahisədə məhkəmə sadəcə elan edir: “İddia qismən təmin edildi. Ziyanın 50 faizi tutuldu”. Və bununla da məsələ bağlanır. İnsan məhkəmə zalından lotereya hissi ilə çıxır: niyə məhz 50 faiz? Niyə tam deyil, qismən?
Halbuki başqa cür də ola bilərdi. Məhkəmə addım-addım izah edə bilərdi ki, hansı sübutlar araşdırılıb, zərərin qiymətləndirilməsi necə aparılıb və niyə məhz bu məbləğ tutulur. Məsələn: “Məhkəmə təqdim olunan sübutları – fotoşəkilləri, şahid ifadələrini və ekspertiza rəyini araşdırdı. Müəyyən olundu ki, zərərin bir hissəsi cavabdehin təqsiri nəticəsində yaranıb, digər hissəsi isə onun nəzarətində olmayan obyektiv səbəblərlə bağlıdır. Buna görə məsuliyyət bərabər bölünür”.
İddiaçı qərarla razılaşmayıb apellyasiya şikayəti versə belə, o, məhkəmədən lotereya hissi ilə yox, qəbul edilmiş qərarın məntiqini anlayaraq çıxar. Məntiq aydın olanda isə qərar təsadüfi görünmür – və etimad məhz o zaman formalaşmağa başlayır.
Bələdiyyə: yaxınlıqdakı, amma duman içindəki hakimiyyət
Bələdiyyə ən anlaşılan institut olmalıdır. O, insana ən yaxın qurumdur. Sözün həqiqi mənasında “həyətdə” olmalıdır.
Amma çox vaxt sanki paralel reallıqda mövcuddur.
Paradoks ondadır ki, bir çox vətəndaşlar aşağıdakı suallara çətinliklə cavab verə bilirlər:
– bələdiyyə konkret olaraq nə ilə məşğuldur;
– hansı məsələlərə cavabdehdir;
– və ümumiyyətlə ora niyə getmək lazımdır?
Bələdiyyə iştirak aləti deyil, binanın üzərindəki növbəti lövhə kimi qəbul olunur. Hamı eşidib ki, o “nəyisə həll edir”, amma konkret olaraq nəyi – bu, sirr olaraq qalır.
Məsələn, həyətdə illərlə həll olunmayan kiçik, amma əsəbləşdirici problem var: işıqlandırma, zibil və ya səkilərlə bağlı məsələ. İnsan hara müraciət etməli olduğunu anlamır. Nəticədə o:
– tanışına üz tutur;
– sosial şəbəkədə yazır;
– ya da bütün iştirak mərhələlərini keçərək birbaşa “yuxarıya” müraciət edir.
Beləliklə, bələdiyyə öz əsas funksiyasını – ilk ünvan olmaq rolunu itirir. “Bu, mənim hakimiyyət səviyyəmdir” hissi formalaşmayanda isə etimad yaranmır.
QHT-lər: fəallıq var, iştirak isə yoxdur
QHT-lər xüsusi janrdır. Formal olaraq onlar cəmiyyətin maraqlarını təmsil etməlidirlər. Amma praktikada cəmiyyət adından danışanlar çox vaxt cəmiyyətin özü olmadan danışırlar.
Onlar fəaldırlar, hesabatlar yazır, dəyirmi masalar keçirir, “dayanıqlı inkişaf”, “inklüzivlik”, “advokasiya” kimi anlayışlarla sərbəst şəkildə işləyirlər.
Amma adi insan QHT-lərə bəzən yüngül çaşqınlıqla baxır:
“Bəs sizin mənimlə ümumiyyətlə əlaqəniz varmı?”
Bir çoxları üçün QHT-lər düzgün, faydalı, hətta vacib görünür – lakin abstrakt şəkildə. Adi insan onlara qarşı çıxmır – sadəcə anlamır ki, onların ona nə aidiyyəti var. Burada o özü, onun həyəti, onun problemi, onun səsi haradadır?
Cəmiyyət özünü “vətəndaş sektorunda” tanımayanda, etimad yaranmır. Əvəzində məsafə formalaşır – nəzakətli, korrekt və soyuq məsafə.
Niyə biz bir çox “institutlara” etibar etmirik?
Ona görə yox ki, biz pisik. Bir şeyi dürüst demək vacibdir: problem həmişə korrupsiyada və ya kiminsə bəd niyyətində deyil. Ən sevilən izah isə budur – “bizdə mentalitet belədir”. Rahat, universal və çox tənbəl izah.
Qəribə də olsa, səbəb daha sadədir: institutlar çox vaxt öz aralarında danışırlar, vətəndaşlar isə öz aralarında. Bu iki dialoq nadir hallarda kəsişir.
İnsana –
qərarın niyə və necə qəbul edildiyi;
kimin nəyə görə məsuliyyət daşıdığı;
və o, prosesə necə təsir edə biləcəyi,
izah olunmayanda, o, boşluqları özü doldurmağa başlayır. Fantaziya isə, məlum olduğu kimi, nadir hallarda etimadın xeyrinə işləyir.
Bunu dəyişmək mümkündürmü?
Mümkündür. Amma şüarlarla və “İnstitutlara etibar edin” tipli plakatlarla yox.
Etimad o zaman yaranır ki:
– məhkəmə təkcə nə qərar verdiyini deyil, niyə belə qərar verdiyini dəftərxana-hüquqi terminlərlə yox, sadə insan dilində izah edir;
– bələdiyyə hansı məsələlərə cavabdeh olduğunu və real məsuliyyət zonasının harada başladığını açıq göstərir;
– QHT-lər daha az təqdimatlı görünsə belə, konfrans zallarından çıxıb real həyətlərə, məktəblərə və lokal problemlərə yönəlirlər.
Bir vacib məqam da var: ideallıq etimadı azaldır.
İnstitut səhvinin olmadığını göstərməyə çalışanda, vətəndaş ehtiyatlanır. Amma o, məhdudiyyətləri qəbul edib çətinlikləri izah edəndə, onu dinləməyə başlayırlar.
Son söz əvəzi
Biz tez-tez deyirik: “Dövlət daha yaxşı işləməlidir”. Bəzən isə sadəcə: “Dövlət etməlidir” deyirik.
Amma nadir hallarda “Mən necə iştirak edə bilərəm” və ya “Bu mexanizm əslində necə işləyir” soruşuruq.
Etimadsız institut – şəkilsiz təlimat kimidir: hər şey yazılıb, amma istifadə etmək çətindir.
İştiraksız etimad isə daha çox möcüzə gözləntisinə bənzəyir.
Və bəlkə də bu gün əsas sual institutların niyə xoşumuza gəlməməsi deyil. Əsas sual odur ki, biz niyə nadir hallarda onları həm özümüz, həm də onların özü üçün daha anlaşılan etməyə cəhd göstəririk?