Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəngəzur dəhlizinin İrəvan və Bakı arasında sülh sazişindən çıxarılması nə deməkdir?

Azərbaycan prezidentinin köməkçisi Elçin Əmirbəyovun "Azadlıq" radiosuna bu yaxınlarda verdiyi müsahibəsində Bakı və Yerevanın Zəngəzur dəhlizi bəndinin sülh müqaviləsindən çıxarılması və onun müzakirəsinin sonrakı mərhələyə keçirilməsi barədə qərara gəlinməsi haqqında sözləri xüsusi diqqət çəkməyib.

Əmirbəyovun etirafını sensasiya hesab etmək olar, çünki indiyədək Ermənistan Zəngəzur dəhlizini açmağa razılaşmadan sülh sazişinin imzalanmayacağı haqqında ən yüksək səviyyədə qəti bəyanatlar səslənib. Bəs nə baş verdi ki, Bakı öz mövqeyini dəyişdirmək qərarına gəldi? 

Əmirbəyovun bu bəyanatı Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə verilməsi mümkünlüyü haqqında məlumatlarla eyni vaxta təsadüf edib.

ABŞ dövlət katibinin köməkçisi Cim O'Brayen regiona səfəri zamanı bu ideyaya eyham edib, daha əvvəl isə Avropa Şurasının sədri Şarl Mişel bu haqda danışıb.

İran lideri Xamneyi gözlənilmədən bu layihənin Ermənistan üçün "zərərli" olmasından danışıb. Onun ardınca Tehrandan Bakıya səfərə gələn RF Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu Qərbin Cənubi Qafqaza buraxılmaması zərurətini qeyd edib.

Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə verilməsi ideyası ABŞ və Avropa İttifaqı tərəfindən irəli sürülüb. Bu ideyanın məğzi Rusiyanı oraya buraxmamaqdan ibarətdir. Yerevanın böyük həvəslə istədiyi də məhz budur. 

Göründüyü qədər, Qərb tərəfdaşları Bakını da bu dəhlizdə Rusiya qüvvələrinin mövcudluğunun Azərbaycana heç nə vermədiyinə və orada müəyyən statusa malik beynəlxalq qüvvələrin yerləşməsinin daha yaxşı olacağına inandırmağa müvəffəq olublar.

Moskva və Tehranın narahatlığı da məhz bununla izah olunur. Onlar Ermənistanı bu addımı atmamağa razılaşdırmağa və ya məcbur etməyə çalışırlar.

Öz növbəsində, ABŞ Bakıya təzyiq göstərərək, bu variantı qəbul etməyə və sərhəddə vəziyyəti gərginləşdirməməyə razılaşdırmağa çalışır.

Əslində Vaşinqton və Moskva arasında Cənubi Qafqaza təsir uğrunda mübarizə gedir. Aydındır ki, heç bir tərəf geri çəkilmək istəmir.

Yaxın günlərdə Bakı və Yerevan arasında sülh danışıqlarının gedişatı Qərbin bu ideyanı həyata keçirməyə müvəffəq olub-olmayacağını göstərəcək.

 

  •