Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskidən xəbərdarlıq: "Müharibənin yeni dalğası başlayır"

“İnsanlar öz doğma şəhərlərinə qayıtmalı, Rusiya qoşunları Ukraynanı tərk etməli, Ukrayna əraziləri onlardan azad edilməlidir”.

UNIAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

“Xalqım olmadan nəyinsə uğrunda mübarizə aparmağın heç bir mənası yoxdur. Mən başa düşürəm ki, düşmən Krımı tərk etməyəcək. Bilirəm ki, biz uzun müddət mübarizə aparacağıq. Bilirəm ki, ölkəmizin şərqində, Donbassda müəyyən ərazilər uğrunda döyüşəcək və sövdələşəcəyik. Bütün bunları başa düşürəm. Amma Kiyevdə qələbə barədə danışmaq hələ tezdir. Kiyev hələlik boşdur. İnsanlarımız geri qayıdandan, tanklar buradan çıxandan sonra qələbə olacaq. Amma ümumiyyətlə, Ukrayna irəlidədir”, - V.Zelenski bildirib.

Prezident həmçinin qeyd edib ki, Ukrayna ordusunun Kiyev uğrunda gedən döyüşlərdə qarşı tərəfi məğlub etməsi barədə danışmaq hələ tezdir: “Çünki bu, son qələbə deyil. Mən bu barədə əminliklə yalnız müharibədə qalib gələndən və ərazilərimizi tam azad edəndən sonra danışa bilərəm. Buça Kiyevin böyük bir hissəsidir. Buçada, Qostomeldə və İrpində insanlar məhv edilibsə, biz bu döyüşü qazanmışıqmı? Əmin deyiləm”.

Dövlət başçısı ölkənin şərqində və cənubunda müharibənin yeni dalğasının başlanacağı barədə xəbərdarlıq edib:

“Bu, ən çətin döyüşlər olacaq. Həmin döyüşlərdə nə qədər texnikanın iştirak edəcəyini bilmirik. Lakin həmin rəqəm indikindən qat-qat artıq olacaq. Ölkəmizin şərqində və cənubunda texnikalar yığılır. Biz Rusiyanın nə etmək istədiyini başa düşürük və bilirik ki, hər şey ABŞ-ın bizə necə kömək edəcəyindən, silahları nə qədər tez verəcəyindən asılıdır”.