Zelenski: Ukraynadakı müharibənin hər kəsə dəxli var
25 Sentyabr 2025
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin üzv ölkələrini Ukraynadakı və digər ölkələrdəki müharibələrin dayandırılması üçün birgə səylər göstərməyə çağırıb.
“Dünyada çoxları özünü hələ də rahat hiss edir, sanki müharibənin onlara dəxli yoxdur. Amma görün, Baş Assambleyada təmsil olunan ölkələrin neçəsi müharibə vəziyyətindədir, yaxud ondan yeni çıxıb, onu dayandırmağa çalışır, hətta açıq şəkildə yeni müharibəyə hazırlaşır. Amma müharibə artıq çoxlarına təsir edib. Bu sizi maraqlandırmırmış kimi davranmaq mümkün deyil”, – Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında vurğulayıb.
“Bugün hər şey sizdən asılıdır. Sülhə kömək edəcəksiniz, yoxsa Rusiyayla ticarəti davam etdirib onun müharibəni maliyyələşdirməsinə yardım göstərəcəksiniz. Hər şey sizdən asılıdır – əsirlər azad ediləcəkmi, qaçırılan uşaqlar evə qayıdacaqmı, girovlar buraxılacaqmı. Gələcəyimizi nə müəyyən edir? İndi – müharibə. Amma onu birgə qətiyyətli addımlar müəyyən etməlidir”, – Zelenski deyib.
O əlavə edib ki, sülh istəyən ölkə müdafiə potensialını artırmalıdır. Zelenski Rusiyanın atəşkəsə qarşı çıxdığını bildirib.
Ukrayna prezidenti Kiyevin nəzarətində olmayan ərazilərə aparılan ukraynalı uşaqlardan danışıb.
“Rusiya minlərlə ukraynalı uşağı qaçırıb. Onlardan bəzilərini vətənə qaytarmışıq. Bu işə yardım göstərənlərə təşəkkür etmək istərdim”, – Zelenski vurğulayıb.
Sentyabrın 24-də Rusiya qüvvələri Donetsk vilayətindəki Konstantinovkaya 3 FAB-250 aviabombası atıblar, iki nəfər həlak olub. Daha 8 nəfər yaralanıb.
Bundan öncə sentyabrın 18-də şəhərə 250 kq-lıq aviabomba atılmış, 5 nəfər həlak olmuşdu.