Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: “Onların pilotlarının başında nə var? Boşluq?”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin 26-cı gününə yekun vurub. O öz müraciətində Ukrayna xalqının və hərbi qüvvələrinin Rusiya ordusunun hücumlarına tab gətirdiyini söyləyib:

“Düşmən tərpənməyə cəhd göstərir. Haradasa hücuma başlamaq, haradasa yolu tutmaq, haradasa çayı keçmək istəyir. Ukrayna ordusu bu cəhdlərin qarşısını alır. Və işğalçıları durdurur. Sutka ərzində rus qoşunları Jitomir vilayətinə “Qrad”larla zərbə endiriblər. Layiqli cavab alıblar. Xarkov vilayətində Çuquyev ətrafında daha bir düşmən təyyarəsi vurulub. Bizim hərbçilərimiz o qədər rus təyyarəsi və helikopteri vurublar ki, yalnız heyrətlənmək qalır: onların təyyarəçilərinin başında ağıl yerində nə var? Doğrudanmı, boşluq? Mən bunu təsadüfən demədim. Çünki onların ürəklərinin yeri dəqiq boşdur. İnsanı insan edən nə varsa, hamısı kimi..."

Zelenski rusiyalıların Xarkovda qətlə yetirdikləri qocanı – nasist hərbi düşərgəsinin keçmiş məhbusu Boris Romançenkonu xatırlayıb. O qeyd edib ki, Xersonda rus əsgərləri azadlıq uğrunda dinc mitinqə çıxmış silahsız insanlara atəş açıblar:

“Rus hərbçiləri heç bilmirlər ki, azad olmaq nə deməkdir. Onları bura, sanki, məhkum olunmuşlar kimi yığıb gətiriblər. Ölümə məhkum olunmuşlar kimi, rüsvayçılığa məhkum olunmuşlar kimi”.

Zelenskinin sözlərinə görə, Zaporojye vilayətində dinc insanların köç dəstəsinə də atəş açılıb, orada uşaqlar olub: dörd uşaq xəstəxanaya düşüb, onlardan ikisi ağır vəziyyətdədir. Ukrayna prezidenti gün ərzində 8 humanitar dəhlizin işə salındığı və 8 mindən artıq adamın xilas edildiyini bildirib.

“Bu – ağır hadisələr günü olub. Ağır nəticələr günü olub. Amma bu, bizi qələbəyə yaxınlaşdıran daha bir gün olub”, deyə Ukrayna lideri çıxışını yekunlaşdırıb.