Zelenski: Danışıqlara hazırıq, amma ərazi güzəşti olmayacaq
29 Oktyabr 2025
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev sülh danışıqlarına hazırdır, ancaq qoşunlarını əlavə ərazilərdən geri çəkməyəcək. Bunu Moskva tələb edir.
Oktyabrın 28-də jurnalistlərə danışan Zelenski onu da deyib ki, Rusiyanı və ya onun yaxın müttəfiqi Belarusu çıxmaqla, danışıqların istənilən yerdə keçirilməsinə razıdır.
Bu ay ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə görüşü təxirə salıb. Görüşdən öncə Moskva sülh müqaviləsinin şərti olaraq Ukraynadan əlavə ərazi tələb edib. Tramp isə Ukraynanın mövcud cəbhə xətti üzrə dərhal atəşkəs çağırışını dəstəkləyib.
"Biz diplomatiyaya hazırkı mövqeyimizdən yanaşırıq, bu, tamamilə aydındır. Geriyə bircə addım da atmayacağıq, dövlətimizin hansısa hissəsini verməyəcəyik", – Zelenski deyib.
"Və vacibi budur ki, Amerika tərəfi, nəhayət, bunu açıq siqnal kimi ortaya qoydu: Prezident Tramp belə bir mesaj verdi", – o əlavə edib.
Zelenski Macarıstanda danışıqlarda iştirak etməyə hazır olduğunu da dilə gətirib, baxmayaraq ki, baş naziri Viktor Orban "Ukrayna üçün hər şeyi bloklayır".
Zelenski ABŞ qanunvericilərini Rusiyaya daha sərt məhdudiyyətlər tətbiq etməyə çağırıb.
Tramp administrasiyası artıq Moskvanın iki böyük neft şirkətinə sanksiyalar tətbiq edib.
Zelenski onu da deyib ki, Ukraynaya növbəti iki-üç il üçün Avropa müttəfiqlərindən sabit maliyyə dəstəyi lazımdır.