Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zaxarova: "Nəqliyyat kommunikasiyalarının açılması regionun maraqlarına cavab verməlidir"

Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizindən danışırıqsa, o zaman əsas iş Azərbaycan və İranla təmasda aparılır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması "Şimal-Cənub" dəhlizinin bir hissəsi kimi Zəngəzur marşrutunun reallaşması ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.

“Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir”, - o bildirib.

M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur.

“Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”, – o əlavə edib. (Report)