Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yerevanda hələlik Bakının son təkliflərinin ermənilər üçün məqbul olub-olmadığını bilmirlər

Sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin təkliflərinin Ermənistan üçün məqbul olub-olmadığını söyləmək hələ tezdir. Bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.

Xatırladaq ki, söhbət Bakının hazırlayıb Yerevana təqdim etdiyi sülh müqaviləsi layihəsindən gedir. Bu barədə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Əvvəlcə biz Azərbaycan tərəfdən təkliflər aldıq, bundan sonra  öz iradlarımızı bildirdik və üçüncü dəfə cavab aldıq. Yəni, söhbət vahid əsaslı mətnin üzərində işdən gedir. Mətn işlənmə mərhələsində olduğundan hazırda təkliflərin məqbul olub-olmadığını söyləmək tezdir, - “Sputnik-Armeniya” Ağacanyandan sitat gətirib.

Onun sözlərinə görə, Azərbaycanda erməni tərəfinin təkliflərinin Bakı üçün məqbul olmadığını deməyiblər.

Xatırladaq ki, bu ilin martında Azərbaycan münaqişənin nizamlanması üzrə beş prinsip irəli sürüb:

- bir-birinin suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması;

- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddiaların irəli sürülməməsi üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;

- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsədlərilə bir araya sığmayan digər hallardan çəkinmək;

-dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Yerevan cavab verib ki, Qarabağın statusunun müəyyən edilməsi məsələsini əlavə etmək şərtilə onları qəbul edir. Bakı bunu rədd edərək bildirib ki,  statusu müzakirə etməyəcək, ancaq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə zəmanət verir.

Moskvada  mətbuat konfransında Lavrov Bakının Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verdiyini bəyan etməklə faktiki olaraq Bakının bu mövqeyini dəstəkləyib.