Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə bir məsələ- İnzibati Xətalar Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli, qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Layihəyə əsasən, informasiya ehtiyatında cəmiyyətə açıqca hörmətsizlik yaradan hərəkətlərin edilməsinə, əxlaqsız ifadələrin səsləndirilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə yol verilməməlidir.

İnzibati Xətalar Məcəlləsinə də bununla bağlı dəyişiklik edilərək müvafiq cəzaların salınmasının nəzərdə tutulduğu bildirilir.

Müstəqil ekspertlər bu layihənin qəbul edilməsi ilə bağlı sözügedən qanunun daha da sərtləşdiriləcəyini düşünürlər. Onların fikrincə, bir çox hallarda qeyd edilən məsəllər süni şəkildə ifadə azadlığına qarşı çevrilə bilər.