XİN girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə alıb, Eriteriyaya nota verilib
08 Yanvar 2025
Azərbaycan Xarici İşlər Nazirliyi Eritreyada girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə götürüb, heyətin sərbəst buraxılmasına çalışır
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun szölərinə görə, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib:
"Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşıdır".
A.Hacızadə bildirib ki, hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələ nəzarətə götürülüb:
"Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir".
Artıq Azərbaycan Xarici İşlər Nazirliyi üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib.
Vurğulanıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri vasitəsilə qarşı tərəfə müvafiq nota vasitəsilə çatdırılıb.
Bundan başqa, Eritreya Xarici İşlər Nazirliyində, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.