Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xəzərdə Rusiya, Azərbaycan və İranın əməkdaşlığı ilə bağlı Moskvada beynəlxalq dəyirmi masa keçirilib

Sentyabrın 28-də Moskvada "Xəzərdə Rusiya, Azərbaycan və İranın əməkdaşlığı. Sənaye əməkdaşlığı və tranzit potensialı" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

"Vestnik Kavkaza" nəşrinin məlumatına görə, tədbir "Şimal-Cənub" politologiya mərkəzi tərəfindən "Baku Network" Beynəlxalq siyasət və təhlükəsizlik mərkəzi ilə birgə təşkil edilib.

Dəyirmi masanın moderatorları "Baku Network" Beynəlxalq siyasət və təhlükəsizlik mərkəzinin direktoru Gülnarə Məmmədzadə və "Şimal-Cənub" politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova olub.

Tədbirdə sənaye parklarının inkişafı və limanlarda azad iqtisadi zonalar, dəmiryol və avtomobil marşrutları üzrə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi, dövlətlər arasında yük axınının artırılması və buraxılış gücünün genişləndirilməsi imkanları, Rusiya, Azərbaycan və İran gəmiçiliyinin inkişafı, region dövlətlərinin inteqrasiya dinamikasında əməkdaşlıq layihələrinin inkişafı və gələcək regional inteqrasiya tapşırıqları müzakirə olunub.

Dəyirmi masanın xüsusi qonağı İranın Rusiyadakı səfiri Kazım Cəlali olub. O bildirib ki, İran "Şimal-Cənub" layihəsinin reallaşdırılmasına sadiqdir və bunun üçün Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması tələb olunur.

Səfir vurğulayıb ki, İran Azərbaycan və Rusiya ilə dəmiryol əlaqəsini inkişaf etdirməyə hazırdır. O, həmçinin əlavə edib ki, İran tezliklə Azərbaycan və Rusiya ilə avtomobil əlaqəsini açacaq: "Bu, avtomobil yük daşımalarının inkişafına xidmət edəcək. Biz iqtisadi əməkdaşlıq üçün bütün imkanları əlaqələndirməliyik. İndiki halda bütün məsələləri razılaşdırmalıyıq ki, sərhədlərdə yük maşınlarının ləngiməsi olmasın".

İranın Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Həmi Rza Heydəri vurğulayıb ki, İran "Şimal-Cənub" dəhlizinin tikintisinə nail olacaq və o əlavə edib ki, bu layihənin aparıcı qüvvələri İran, Rusiya və Azərbaycandır: "Biz, həmçinin ölkələrimiz arasında avtomobil və dəmir yollarının salınması üzərində işləyirik. Biz həm də nəqliyyat layihələrinin rəqəmsal tərəfləri üzərində də işləməliyik".

Dəyirmi masada, həmçinin İranın 2013-2016-cı illərdə xarici işlər nazirinin müavini, Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Kazım Səcapur, "Ənzəli" azad zona təşkilatının sədri Əli Osat Əkbəri Müqəddəm, "Cənubi Qafqaz" politologiya klubunun rəhbəri İlqar Vəlizadə və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak edib.(Trend)