Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Xaricdə yaşayan rusiyalıların vətəndaşlıqdan imtinası baha başa gəlir

Vlada Xarebova 2022-ci ildən Rusiya vətəndaşlığından imtina etməyə çalışır, amma edə bilmir.

Latviyada yaşayan Xarebova iki övladı ilə birlikdə bu ölkədə vətəndaşlıq almaq istəyir. Latviya isə ikili vətəndaşlığa icazə vermir, yəni eyni vaxtda Latviya və Rusiya vətəndaşı ola bilməzsən.

Xarebova Rusiya konsulluğunda problemlərlə üzləşib. Deyir, Riqadakı konsulluq gərəkən sənədlərin siyahısını verib, amma onların necə əldə olunmasını izah etmir.

“Konsulluğa zəng edəndə və ya yazanda deyirlər: ‘Biz bununla məşğul olmuruq. Təəssüf ki, sizə kömək edə bilmərik’”, – Xarebova “Current Time”a bildirib. Rusiya bu prosedur üçün rüsumları da artırıb. Xarebova deyir, ödəməli olduğu məbləğ onun müəllim maaşı üçün “çox böyükdür”.

Konsulluq onun qızının ərizəsini qəbul etməyib, çünki o, Rusiyada aldığı ali təhsil diplomunun surətini gətirməyib. Halbuki, mövcud təlimatlarda belə bir tələbin yer almadığı bildirilir.

İyulun 22-də qüvvəyə minən yeni qanunla vətəndaşlıqdan imtina üçün dövlət rüsumu 4 min 200 rubldan (50 dollar) 50 min rubla (592 dollar) qalxıb. Xaricdə verilən ərizələr üçün konsulluq rüsumu 130 dollardan 1 200 dollara qaldırılıb.

Finlandiyada yaşayan Veronika Mikkonenin sözlərinə görə, prosedur üçün gərəkən bəzi sənədlər cəmi üç ay etibarlı olur. Bu arada Rusiya diplomatik nümayəndəliyində qəbul almağın özü aylarla çəkə bilər.

Mikkonen sonucda Rusiya vətəndaşlığından imtina edə bilib. Danışır ki, həmin vaxt konsulluq rüsumunun 130 avro (152 dollar) olmasına baxmayaraq, sənədlərin hazırlanması ona təxminən 1 000 avroya (1 160 dollar) başa gəlib.

Mikkonen deyib ki, onun qərarına Kremlin daxili repressiyaları, prezident Vladimir Putinin Ukraynaya qarşı 2022-ci ilin fevralından apardığı işğal təsir edib.

“Sadəcə, cibimdə diktatura ölkəsinin, müharibə başlayan bir ölkənin pasportunu gəzdirmək istəmirdim”, – o, “Current Time”a söyləyib.

Moskva statistika açıqlamır

Rusiya 2023-cü ildən bəri vətəndaşlıqdan imtina statistikasını açıqlamır. Xarici İşlər Nazirliyinin bundan əvvəl dərc etdiyi rəqəmlərə görə, 2019-cu ildə 4 min 356, 2020-ci ildə 3 min 877, 2021-ci ildə 4 min 055, genişmiqyaslı müharibənin başladığı 2022-ci ildə isə 4 min 306 nəfər Rusiya vətəndaşlığından imtina edib.

Nazirliyin Konsulluq Departamentinin rəhbərinə görə, 2023-cü ilin ilk doqquz ayında təxminən 4 min 400 nəfər Rusiya vətəndaşlığından imtina edib.

Putin 2022-ci ilin sentyabrında genişmiqyaslı hərbi səfərbərlik elan edincə yüz minlərlə rusiyalı ölkəni tərk edib.

Estoniyada 2024-cü ildə 107 nəfərin Rusiya vətəndaşlığından imtina etdiyi qeydə alınıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci il avqustun 25-dək bu rəqəm 126-ya çatıb. Prosesdə bəzi gecikmələr də olub. Tallindəki Rusiya səfirliyi 2023-cü ilin sonlarından 2024-cü ilin fevralınadək vətəndaşlıqdan imtina ilə bağlı yeni ərizələrin qəbulunu dayandırıb. Bundan əvvəl yeni vətəndaşlıq qanunu qüvvəyə minmişdi. Proses bərpa olunandan sonra uzun növbələr yaranıb.

Belə ki, Rusiyanın Tartu və Narvadakı konsulluqları bağlanıb, Tallindəki səfirlikdə işçi sayı azaldılıb.

Moskva Qərblə gərginlik fonunda Avropanın bir sıra şəhərlərində konsulluqlarını bağlayıb.

“Rusiya ilə heç bir əlaqəm yoxdur”

Rusiya qanunlarında vətəndaşlıqdan imtina üçün bir sıra şərtlər də yer alır. Müraciət edən şəxsin başqa ölkənin vətəndaşlığı, yaxud həmin vətəndaşlığı alacağına dair təminatı olmalıdır. Şəxsin ödənilməmiş vergiləri, rüsumları və cərimələri varsa, onun vətəndaşlıqdan imtina ərizəsi rədd edilə bilər.

Madriddə yaşayan Aleksandr Smirnov İspaniya vətəndaşlığı alıb. O, “Current Time”a bildirib ki, Rusiya vətəndaşlığından imtina etməyə çalışsa da, indiyədək buna nail ola bilməyib.

“Rusiyada 10 il olmamışam, Rusiya ilə heç bir əlaqəm yoxdur, orada nə əmlakım, nə də bank hesablarım var. Bu vətəndaşlıq mənə lazım deyil”, – Smirnov bildirib.

Onun fikrincə, Rusiyanın məqsədi onların qarşısına maneələr çıxarmaqdır.

Hüquq müdafiəçisi Lev Ponomaryovun qənaətincə, Rusiya hakimiyyəti vətəndaşlıqdan imtina prosedurunu mümkün qədər çətinləşdirir:

“Adamların böyük axınla vətəndaşlıqdan imtina etməsini önləmək istəyirlər. Çünki getdikcə daha çox insan Rusiya vətəndaşlığından imtina edə, bu isə bir növ informasiya bombasına çevrilə bilər”.

Məqaləni “Current Time” müxbiri Artyom Filatovun reportajı əsasında Farangiz Nəcibulla hazırlayıb.