Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xankəndində qaz təchizatı şəbəkəsi yenidən qurulacaq - "Azəriqaz" planlarını açıqldı

Martın 29-dan Xankəndi şəhərinin təbii qaz təchizatı bərpa olunub. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

T.Cəfərov deyib ki, Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazisidir. Həmin ərazilərdə qaz infrastrukturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər. “Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılıb. Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb”, - şöbə rəisi əlavə edib.



Cəfərovun sözlərinə görə, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulması nəzərdə tutulub. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər.

T.Cəfərov virtualaz.org-a əlavə edib ki, Ağdam və Füzulinin baş planı demək olar ki hazırdır. Baş plana əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağdam şəhərinin qaz təchizatı şəbəkəsinin layihələndirilməsi işləri yekunlaşıb. Eyni zamanda, yaxın günlərdə Füzuli şəhərinin baş planı əsasında şəhərin qazlaşdırılması layihələndirmə sənədlərinin hazırlanmasına başlanılacaq. Hökümət müvafiq qərar qəbul edəndən sonra mərhələli şəkildə qazlaşdırılma işlərinə başlanılacaq. (virtualaz)