Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edilib

İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.

“RadioFarda” xəbər verir ki, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağassi dekabrın 9-da bildirib.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də çərşənbə günü həbs edilib.

Fəridə Muradxani iranlıların “aydın və aşkar zülm”ə məruz qaldığını deyir, beynəlxalq ictimaiyyətin hərəkətsizliyini tənqid edir.

“Adamları azad edin, bizimlə olun! Hökumətlərinizə deyib ki, bu qatil, uşaq öldürən rejimi dəstəkləməsinlər”, – o deyir.

Həmin video daha öncə Twitter-də paylaşılıb.

“Bu rejim heç bir dini prinsipə sadiq deyil, gücdən başqa heç bir qanun-qayda tanımır, hər cür yollar hakimiyyətini saxlamağa çalışır”, – Muradxani videoda danışır.

Onun sözlərinə görə, etirazçılara qarşı zorakılığa görə rejimə qoyulan sanksiyalar “gülməlidir”, iranlılar azadlıq uğrunda mübarizədə “tək” qalıblar.

Muradxani Xameneyinin bacısı Bədrinin qızıdır. O, 1980-ci illərdə, İran-İraq müharibəsi vaxtı ailəsi ilə münasibətlərini kəsərək İraqa qaçıb, orada yaşayan əri Əli Tehraniyə qovuşub.

Öz növbəsində Fəridə Muradxaninin anası Bədri Hüseyni də qardaşını sərt tənqid edib:

“Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”.

Onun sözlərinə görə, Xamenei günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir.

B.Hüseyni İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdığını da vurğulayıb.

O, İslam Respublikası tərəfindən müxtəlif vaxtlarda yeniyetmə və gənclərin öldürülməsi, etirazçıların həbsinə toxunaraq yazıb: “Uşaq itkisi və övladdan ayrılıq hər bir ana üçün böyük kədərdir. Son dörd onillikdə bir çox analar yaxınlarını itiriblər”.