Vaşinqton və Tehranın danışıqlara qayıtmaqdan başqa yolu yoxdur - MÜSAHİBƏ
16 İyul 2026
Diplomatiya hələ də ayaqdadır, Vaşinqton və Tehran danışıqlara qayıtmazdan əvvəl mövqelərini gücləndirməyə çalışırlar. Bunu AzadlıqRadiosuna müsahibəsində Yaxın Şərq üzrə tanınmış ekspert Frensis Qreqori Qaus deyir. Bu arada ABŞ İrana zərbələri, Hörmüzdə blokadanı bərpa edib, İran isə Körfəzdə hücumları artırırb.
“Tərəflərdən heç biri digərini tam məğlub edə bilməz”
Təhlilçi diplomatik kanalların hələ də açıq olduğunu deyir. Onun fikrincə, tərəflər arasında hətta anlaşma memorandumu çərçivəsində ortaq mövqe tapmaq mümkün olmayıb.
“Aydındır ki, Tramp administrasiyası anlaşma memorandumunun vəziyyəti sadəcə əvvəlkinə qaytaracağını düşünürdü. O da aydındır ki, İran memorandumu ona Hörmüz boğazının idarə edilməsində birbaşa rol verən və gələcəkdə həmin boğazdan keçən gəmilərdən ödəniş almaq imkanı yaradan sənəd kimi qəbul edib. Tərəflərin belə fundamental məsələ üzrə razılığa gələ bilməməsi memorandumun ciddi qüsurlara malik olduğunu göstərirdi”, – o bildirir.
Təhlilçinin dediyinə görə, ABŞ və İranın hərbi zərbələri yenidən başlamasına baxmayaraq, o, danışıqlar masasına qayıtmaqdan başqa alternativ görmür: “Çünki tərəflərdən heç biri digərini tam məğlub edə bilməz. Biz bunu aprel və may aylarında münaqişənin ən gərgin dövründə də gördük. Nəticədə həm İranı, həm də ABŞ-ı danışıqlara qaytaran eyni amillər yenidən öz təsirini göstərəcək”.
Frensis Qreqori Qaus deyir ki, son zərbələr növbəti danışıqlar mərhələsində daha güclü mövqe əldə etməyə hesablanıb:
“Ona görə də hesab edirəm ki, hərbi strategiyanın əsas məqsədi İranda iqtisadi itkiləri, hərbi tələfatı və infrastrukturun dağıdılmasını artırmaqla Tehranı yenidən danışıqlar masasına qaytarmaqdır. Bundan sonra isə ABŞ tərəfinin daha peşəkar danışıqlar aparması nəticəsində həqiqətən uzunömürlü ola biləcək razılaşma, anlaşma memorandumu və ya atəşkəs əldə edilə bilər”.
“Danışıqlar aylarla, hətta illərlə davam edir”
Hazırkı zorakılıq dalğası danışıqlar yolu ilə başa çatan bir çox müharibənin keçdiyi mürəkkəb prosesə bənzəyir. Bunu isə Dəniz Analizləri Mərkəzinin (CNA) baş tədqiqat direktoru, qeyri-ənənəvi müharibələr üzrə tanınmış amerikalı ekspert Conatan Şroden deyir.
“Hazırda gördüklərimiz danışıqlar yolu ilə başa çatan müharibələrin adətən necə inkişaf etdiyini yetərincə aydın göstərir... Tərəflər anlaşma memorandumu imzaladıqları vaxtdan bəri, təxminən son bir ay ərzində bu çərçivədə danışıqları davam etdirirlər. Amma atəşkəslə başa çatan müharibələrin tarixini araşdırsanız, görərsiniz ki, əksər hallarda həm atəşkəs, həm də danışıqlar prosesi dəfələrlə pozulur. Bəzi hallarda danışıqlar aylarla, hətta illərlə davam edir. Müəyyən irəliləyiş əldə olunur, tərəflər görüşür, sonra danışıqlar dalana dirənir və hərbi əməliyyatlar yenidən başlayır”, – təhlilçi vurğulayır.
Hörmüzün təminatçısı olmaq çətin məsələdir
ABŞ Hörmüzdə blokadanı bərpa etdiyini bildirib. Prezident Donald Tramp ABŞ-nin Hörmüzün “mühafizəçisi” olacağını bəyan edib.
Conatan Şroden ABŞ-nin bu blokadanı davam etdirmək üçün bölgədə kifayət qədər dəniz qüvvəsinə malik olduğunu, ABŞ Hərbi Dəniz Qüvvələri öz vəzifəsini yerinə yetirmək üçün yaxşı mövqedə olduğunu deyir.
“Daha çətin məsələ isə Hörmüz boğazından təhlükəsiz keçidin təminatçısı olmaqdır. Bu, xeyli mürəkkəb vəzifədir. Boğaz çox dardır. Təhlükələr dənizin altından başlayır – əsasən müxtəlif növ dəniz minaları şəklində. İranın nə qədər mina yerləşdirdiyini isə dəqiq bilən yoxdur. Son vaxtlar bu rəqəmin 80-ə qədər olduğu barədə qiymətləndirmələr görmüşəm. Bu da əvvəlki hesablamalardan xeyli yüksəkdir”, – o əlavə edir.
Şroden söyləyir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu vəzifəni yerinə yetirə bilər: “Onların bu təhlükələrə qarşı idarəolunan raketlərlə təchiz edilmiş esminesləri var. Bu gəmilər həm özlərini, həm də müşayiət etdikləri məhdud sayda ticarət gəmisini qoruya bilərlər. Ancaq bunu davamlı şəkildə təkrarlamaq zaman keçdikcə getdikcə daha təhlükəli olur”.
Hər iki müsahibəni AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu alıb.