Texnoloji milyarderlərin sərvəti 845 milyard dollar artıb
06 Oktyabr 2026
2026-cı ildə dünyanın ən zəngin 500 insanının ümumi sərvətinin təxminən üçdə birini texnologiya sahəsində fəaliyyət göstərən milyarderlərin sərvəti təşkil edib. İlin ilk doqquz ayı ərzində onların ümumi sərvəti 845 milyard dollar artaraq 4.6 trilyon dollara çatıb.
Bu göstəricilər "Bloomberg Billionaires Index"in yenilənmiş məlumatlarında əks olunub.
Texnologiya milyarderləri reytinq iştirakçılarının təxminən beşdə birini təşkil etsə də, indeksdəki ümumi kapitalın 36%-i məhz onların payına düşür. Sərvətlərin kəskin artmasına, ilk növbədə, süni intellekt bumu və xüsusilə ABŞ texnologiya şirkətlərinin səhmlərinin bahalaşması səbəb olub.
Eyni zamanda, texnologiya sektorundan kənarda fəaliyyət göstərən milyarderlər ümumilikdə 62 milyard dollar itiriblər. İndeksdəki bütün iştirakçıların xalis sərvət artımının 94%-i ABŞ nümayəndələrinin payına düşüb.
Ən böyük artımı İlon Mask göstərib. İlin əvvəlindən onun sərvəti 310 milyard dollar artıb. Bu məbləğ reytinq iştirakçılarının ümumi sərvət artımının təxminən 40%-ni təşkil edir. Maskın sərvəti yenidən 1 trilyon dolları keçib.
Sentyabrın 10-dan etibarən "Bloomberg"in reytinqində dünyanın ən zəngin 10 insanının hamısı ABŞ vətəndaşıdır. Bu, indeksin dərc edilməyə başladığı 2012-ci ildən bəri ilk dəfə müşahidə olunur.
Agentlik qeyd edir ki, ilk onluqdakı şəxslərdən doqquzu birbaşa ABŞ texnologiya şirkətləri ilə bağlıdır. "Dell Technologies"in təsisçisi Maykl Dellin sərvəti 81% artaraq 254 milyard dollara çatıb. "Meta" şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti isə 23 milyard dollar artıb.
Bununla belə, 2025-ci ilin sentyabrında bir müddət dünyanın ən zəngin insanı olan "Oracle" şirkətinin direktorlar şurasının sədri Larri Ellisonun sərvəti 196 milyard dollar azalıb.