Vaşinqton Şoyqu və Gerasimovun həbs qərarını dəstəkləyib
26 İyun 2024
Çərşənbə axşamı ABŞ Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyib. Onlar Ukraynada hərbi cinayətlərdə ittiham olunurlar, Turan-ın Vaşinqton müxbiri bildirib.
Şoyqu və Gerasimova qarşı "hücumu mülki obyektlərə yönləndirmək" və "mülki əhaliyə və ya mülki obyektlərə həddindən artıq təsadüfi ziyan vurmaq" ittihamları irəli sürülüb.
Onlar həmçinin "qeyri-insani hərəkətlər şəklində insanlığa qarşı cinayətlərdə", Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirməklə ittiham olunurlar, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin bəyanatında deyilir.
Vaşinqton bu qərarı alqışlayıb. "Biz açıq şəkildə işarə etdik ki, Rusiya qoşunları Ukraynaya qanunsuz hücum zamanı vəhşiliklər törədiblər və bu vəhşiliklərə görə məsuliyyət olmalıdır", - gündəlik brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın müxbirinin sualına cavab verərkən bildirib.
"Biz Rusiyanın Ukraynadakı vəhşiliklərilə bağlı bir sıra beynəlxalq araşdırmanı, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən aparılan istintaqı dəstəkləyirik", - Miller əlavə edib.
Cenevrə konvensiyalarına görə, mülki əhaliyə və mülki infrastruktura hücum müharibə cinayətidir. Keçən il Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Vladimir Putinin və ukraynalı uşaqların Rusiyaya deportasiyasına görə onun uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib.