Vardanyan çevriliş planını sürətləndirdi
11 Yanvar 2023
- Qarabağdakı separatçı rejimin daxilində qarşıdurma güclənir. Ötən ilin noyabrında qondarma quruma “dövlət naziri” təyin edilən rusiyalı oliqarx Ruben Vardanyan ilə cinayətkar rejimin “rəhbəri” Araik Arutunyan arasında nüfuz bölgüsü qısa müddətdə üzə çıxdı.
Son üç ay ərzində Xankəndidə baş verən hadisələr Ruben Vardanyanın proseslərə real təsir imkanında olduğunu göstərdi. 2022-ci ilin noyabr ayndan başlayan “kadr dəyişiklikləri” nəticəsində Vardanyanın adamları Arutunyanın köhnə kadrlarını sürətlə əvəz etməyə başlayıb.
Bu gün Arutunyanın imzaladığı sənədlə həyata keçirilən yeni təyinatlar da bunu deməyə əsas verir. Qondarma qurumun “rəhbəri” Sergey Qazaryanı “xarici işlər naziri”, Tsrbui Arzumanyanı “ədliyyə naziri”, Aram Sarkisyanl “şəhərsalma naziri”, Armen Manqasaryanı “sosial inkişaf və miqrasiya naziri” təyin edib. Ermənistan mediası və bloqerlər adı çəkilən şəxslərin birmənalı olaraq Vardanyanın təsiri altında olan şəxslər olduqlarını yazır.
“Ermənilərin İvanişvilisi” adı alan Vardanyan işğalçı rejim daxilində kadr yeniliklərini 2022-ci ilin noyabr ayından aparır. Maraqlıdır ki, Moskvanın təmsilçisi sayılan oliqarxın separatçı qurumun rəhbərliyinə öz kadrlarını gətirməsi bölgədə sülhyaratma funksiyasını öz üzərinə götürdüyünü iddia edən Rusiya hərbi kontingentinin bilavasitə gözləri qarşısında baş verir. Bu məsələyə Rusiya nə Xarici İşlər Nazirliyi, nə də Müdafiə Nazirliyi tərəfindən reaksiya verilmir.