USAID ləğv edilir?
03 Fevral 2025
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Agentliyin Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahından quruma aid lövhənin çıxarıldığı qeyd olunur.
Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb.
Eyni zamanda, USAID-ın rəsmi veb-saytı fəaliyyətini dayandırıb və hazırda əlçatan deyil.
USAID proqramlarının maliyyələşdirilməsi ABŞ-nin yeni administrasiyası tərəfindən dayandırıldıqdan sonra istifadəçilər sayta daxil olmaq istəyərkən giriş xətası ilə üzləşirlər.
Agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur.
Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask təsdiqləyib ki, xarici yardımın yalnız 10 %-dən az hissəsi həqiqətən ehtiyacı olan insanlara çatır.
Milyarder Den Pena isə bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır, bu rəqəm 0 %-ə yaxındır. Onun sözlərinə görə, kasıb ölkələrə vəd edilən bütün pullar "oğurlanır".
"Biz dünyada yoxsulluq problemini bir anda həll edə bilərdik. Onların bunu Afrikada, Efiopiyada və başqa yerlərdə niyə etmədiyini bilirsiniz? Korrupsiyaya görə", - milyarder vurğulayıb və əlavə edib ki, bunu hamı bilir, amma heç kim danışmır.
Veb-saytla yanaşı, USAID-in "X" hesabı da deaktiv edilib.
Xatırladaq ki, İlon Mask USAID-in ləğvi prosesinin getdiyini bildirib.
Donald Tramp isə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini (USAID) tənqid edib, onun zəif idarə olunduğunu bildirib.
Bu barədə ABŞ Prezidenti jurnalistlərə deyib.
“USAID radikal dəlilər tərəfindən idarə olunur və biz onları oradan çıxarırıq, sonra qərar verəcəyik”, - Tramp bildirib.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, ötən il USAID təxminən 40 milyard dollar məbləğində vəsaitə sərəncam verib.