Ukraynaya yardım - İkisi bir yerdə 1,5 milyar...
12 Sentyabr 2024
Amerika Birləşmiş Ştatları Ukraynaya enerjinin bərpası, humanitar yardım və minalardan təmizlənmə üçün 700 milyon dollardan çox maliyyə yardımı ayırıb.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
“Bu gün biz Ukraynanın enerji və şəbəkəsinin yenidən qurulmasına kömək etmək üçün 325 milyon dollar yeni maliyyə ayırırıq. Mən həmçinin Ukraynada milyonlarla insanı içməli su, qida, sığınacaq və dərmanla təmin etmək üçün 290 milyon dollarlıq yeni humanitar yardımı elan edirəm. Nəhayət, humanitar minatəmizləmə üçün 102 milyon dollar əlavə maliyyə ayırırıq”, - deyə o qeyd edib.
Öz növbəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynaya 780 milyon ABŞ dollarından çox məbləğdə yeni yardım paketi ayrılacağını açıqlayıb.
Bu barədə Ukrayna KİV Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır. 600 milyon funt sterlinqdən (780 milyon ABŞ dolları) artıq dəstək öhdəliyimiz Ukraynaya davam edən dəstəyimizin sonuncu nümunəsidir. Bu, Rusiyanın amansız hücumlarına dözməkdə davam edən ukraynalılara həyati dəstək verəcək”, - Lemmi deyib.
Qeyd olunur ki, Britaniyanın Ukraynaya yardımının 310 milyon dolları humanitar ehtiyaclar üçün nəzərdə tutulubsa, 484 milyon dollar kredit zəmanəti şəklində olacaq. Kredit zəmanəti məktəblər və xəstəxanalara dəstək, dövlət qulluqçularının maaşları və pensiyaların maliyyələşdirilməsi də daxil olmaqla həyati vacib dövlət xidmətlərini dəstəkləmək üçün Dünya Bankı tərəfindən təqdim olunacaq.
Böyük Britaniyanın müdafiə naziri Con Hili isə bu gün yüzlərlə əlavə hava hücumundan müdafiə raketinin, on minlərlə əlavə artilleriya sursatının və daha çox zirehli texnikanın bu ilin sonuna qədər Ukraynaya çatdırılacağını açıqlayıb.