Ukraynanın "Patrio"' bəlası
07 Avqust 2026
Mənbə: Azadlıq Radiosu
Bu həftə Rusiyanın irimiqyaslı hücumu zamanı Ukrayna bir dənə də olsun raketi vura bilməyib. Bu, isə Kiyevin hava hücumundan müdafiə raketlərinin sürətlə tükənməsi ilə bağlı narahatlıqları gücləndirib.
Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, tərəfdaş ölkələrin ballistik raketlərə qarşı göndərdiyi tutucu raketlərin sayı kəskin azalıb. O, avqustun 2-də bildirib ki, Ukrayna bu il ötən ilin eyni dövrünə nisbətən 30 faiz daha az hava hücumundan müdafiə raketi alıb.
"Tərəfdaşlarımızın raketləri var. İndi əsas məsələ onların tədarükünün və istehsalının sürətləndirilməsi ilə bağlı siyasi qərarlardır", – deyə Zelenski vurğulayıb.
ABŞ-nin "Patriot" ehtiyatları ilə bağlı suallar
"Patriot" sistemləri üçün tutucu raketlər Rusiyanın ballistik raketlərinə qarşı Ukraynanın ən effektiv müdafiə vasitəsidir. Ancaq Vaşinqtonun Ukraynaya nə qədər əlavə raket verə biləcəyi ilə bağlı suallar getdikcə artır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) ötən həftə bildirib ki, ABŞ bu il İranın hücumlarının qarşısının alınması zamanı "Patriot PAC-3 MSE" və THAAD sistemləri üçün mövcud raket ehtiyatlarının yarıdan çoxunu istifadə edib. Hesabata görə, fevralda başlayan münaqişədən əvvəl ABŞ-nin arsenalında 2 min 300-dən çox "Patriot PAC-3 MSE" raketi var idisə, hazırda onların sayı 800-ə düşüb. THAAD raketlərinin ehtiyatı isə, demək olar ki, yarıbayarı azalıb.
CSIS-in baş məsləhətçisi və hesabatın müəlliflərindən biri Mark Kansian AzadlıqRadiosuna bildirib ki, bu çatışmazlıq Birləşmiş Ştatların Ukraynaya əlavə raket vermək imkanlarını ciddi məhdudlaşdırır: " Yaxın gələcəkdə Ukraynanın ABŞ-dən olduqca məhdud sayda, yaxud ümumiyyətlə "Patriot" raketi alması qeyri-mümkün görünür. ABŞ öz ehtiyatlarından gen-bol istifadə edib. Hazırda arsenalımızda 800-900 "Patriot" tutucu raketi qalıb. Hərbi strateqlər bunun azalmasını istəmirlər. Buna görə də həm mövcud ehtiyatlardan, həm də yeni istehsaldan Ukraynaya raket ayırmaq çox çətin olacaq".
Onun fikrincə, Ukrayna arsenalında hələ də sovet istehsalı S-300 sistemləri qalan ölkələrdən raketlər əldə etməli olacaq.
Tramp administrasiyasından isə fərqli açıqlamalar gəlib. CNN avqustun 4-də anonim rəsmi mənbələrə istinadən "Patriot" ehtiyatlarının təhlükəli həddə azaldığını yazmışdı. ABŞ-nin müdafiə naziri Pit Heqset bunu "saxta xəbər" adlandırıb.
Bundan bir neçə gün əvvəl Pentaqon "Lockheed Martin" və "Northrop Grumman" şirkətləri ilə "Patriot PAC-3" və THAAD raketlərinin istehsalını artırmaq barədə müqavilələr imzalandığını elan edib.
Prezident Donald Tramp isə avqustun 6-da bildirib ki, Birləşmiş Ştatların "çox böyük həcmdə" sursat ehtiyatı var, lazım gəldikdə yeni istehsal hesabına bu ehtiyatlar sürətlə bərpa olunur. O, "Truth Social" platformasında yazıb ki, "xəyanət xarakterli məlumatları sızdıran şəxslər müəyyən edilir və onların uzunmüddətli həbs cəzaları almasına çalışılacaq".
ABŞ administrasiyasındakı anonim mənbələr isə AzadlıqRadiosuna bildiriblər ki, CSIS-in hesablamaları ABŞ-nin mövcud raket ehtiyatlarının real vəziyyətini böyük ölçüdə əks etdirir.
Kansian deyib ki, istehsal artırılsa belə, bu ehtiyatların bərpası illər çəkəcək: "Müharibədən əvvəl ABŞ ildə təxminən 300 "Patriot" raketi istehsal edirdi. Hazırda bu rəqəm 600-ə çatıb. Məqsəd ildə 2 min raket istehsal etməkdir, amma bu hədəfə ən tez 2030-cu ildə nail olmaq mümkün olacaq".

Ukrayna prezidenti Volodimir Zelenski Almaniyada ukraynalı hərbçilərə 'Patriot' HHM sistemləri üzrə təlimlərin keçirildiyi hərbi poliqonda.
Ukrayna üçün risklər
Başda "Reuters" olmaqla bir sıra media orqanları Ukrayna hərbi kəşfiyyatına istinadla yazır ki, Şimali Koreya Rusiyanın qərbində raket bölməsi yerləşdirməyə başlayıb. Məlumata görə, həmin bölmənin Ukraynaya hücumlar üçün 120-yə yaxın ballistik raket və altı buraxılış qurğusu ilə təchiz olunacağı gözlənilir.
ABŞ ordusunun keçmiş hərbi kəşfiyyat analitiki Kervin Okoin deyir ki, ABŞ inventarlarının azalması Ukraynaya mütləq təsir göstərəcək. Bununla belə, onun fikrincə, Ukrayna bundan əvvəl də dəfələrlə döyüş meydanındakı reallıqlara uyğunlaşıb: "Ukrayna əla iş görür. ABŞ-yə arxalana bilməsə belə, öz dayanıqlılığına güvənərək döyüş meydanındakı uğurlarını davam etdirəcək".
Okoin hesab edir ki, Kiyev getdikcə bahalı "Patriot" raketlərindən daha çox, dron əsaslı hava hücumundan müdafiə sistemlərinə və lazer texnologiyalarına üstünlük verəcək.
Respublikaçı senator Rik Skott isə Ağ evin Ukraynanı dəstəkləməyə sadiq qaldığını bildirib: "Ağ evdə danışdığım insanlar Ukraynaya dəstək verməkdə tam qərarlıdırlar. Əminəm ki, lazımi anda Ukraynaya ehtiyacı olan silahları verəcəklər".
M.Kansian əlavə edib ki, ABŞ-nin raket ehtiyatlarının azalması Vaşinqtonun rəqiblərinin də hesablamalarına təsir göstərə bilər: "Birləşmiş Ştatların ən çox narahatlıq duyduğu ölkə Çindir. Bu qədər böyük həcmdə raketin xərclənməsi müəyyən zəiflik pəncərəsi yaradıb və Pekin bundan istifadə etməyə cəhd göstərə bilər".
Ukrayna isə belə bir durumda getdikcə daha çox Avropa müttəfiqlərinə üz tutur.
ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bildirib ki, Vaşinqton "Patriot" raketlərinin Ukrayna və Avropalı tərəfdaşlarla birgə istehsalı imkanlarını araşdırır.
İyulun əvvəlində ovaxtkı müdafiə naziri Mixaylo Fedorov mövcud ehtiyatlardan "Patriot" raketlərinin müvəqqəti ötürülməsi xahişi ilə 40-a yaxın ölkəyə müraciət göndərib, həmin raketlərin yerinin gələcək istehsal hesabına doldurulmasını təklif edib.