Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada müharibə artıq altıncı aydır davam edir

Rusiyanın Ukraynanın işğal etməsinin altıncı ayı başlanıb. Ölkədə döyüşlər davam edir, Rusiya qüvvələri şimaldan, cənubda, şərqdə çoxsaylı məkanları davamlı atəşə tutur. Bu arada Rusiya ordusunda heyətin azalması, döyüşdə dağılmış yüzlərlə avadanlıq hissələrinin əvəzlənməsində çətinliklər haqda məlumatlar gəlir.

Britaniyanın Müdafiə Nazirliyi iyulun 25-də gündəlik kəşfiyyat bülletenində bildirir ki, Ukraynanın şərqində və müharibənin əvvəlində rusiyalıların nəzarətinə keçmiş Xerson vilayətində “nəticəsiz” döyüşlər gedir.

Nazirlik bildirir ki, Britaniya kəşfiyyatı iyulun 18-də Rusiyanın Belqorod vilayətində Barvinok yaxınlığında hərbi maşınların yenidən təchiz və təmir olunduğu obyekt aşkarlayıb. Obyekt Ukrayna sərhədinin 10 kilometrliyində yerləşir.

“Orada azı 300 zədələnmiş maşın, o cümlədən əsas döyüş tankları, zirehli avtomobillər vardı”, - məlumatda vurğulanır.

Rusiya elektrik stansiyasını ələ keçirməyə çalışır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya əsgərləri iyulun 24-də Donetsk vilayətindən 50 km şimal-şərqdə yerləşən Vuhlehirsk elektrik stansiyasını ələ keçirmək cəhdlərini davam etdiriblər. Bu stansiya Ukraynanın ikinci böyük və strateji infrastruktur obyektidir.

Baş qərargah Rusiya qüvvələrinin geri oturdulduğunu bildirir.

Ukrayna döyüş təyyarəsinin isə Rusiyanın üç mövqeyinə raket zərbəsi endirdiyi, avadanlığın dağıdıldığı, əsgərlərin öldürüldüyü bildirilir. Məlumat Ukrayna ordu rəsmisi verib, ancaq deyilənləri müstəqil təsdiqlətmək mümkün olmayıb.

Prezident Volodimir Zelenski iyulun 24-də gecə çıxışında deyib ki, qüvvələri işğal altında olan cənubi Xerson vilayətində “addım-addım” irəliləyir.

“Hətta işğalçılar belə qalib gələcəyimizi etiraf edirlər. Bunu onların söhbətlərində daim eşidirik. Onlar qohumlarına zəng edəndə belə deyirlər”, – Zelenski söyləyib.

1300-dən çox cinayət işi

Rusiya İstintaq Komitəsinin başçısı isə bildirib ki, Ukrayna silahlı qüvvələrinin 92 üzvünə bəşəriyyətə qarşı cinayətlər ittihamı irəli sürülüb.

Aleksandr Bastrıkinin “Rossiiskaya Gazeta”ya dediyinə görə, 1300-dən çox cinayət işi başlanıb. O, 96 nəfərin, o cümlədən, 51 komandirin axtarıldığını sözlərinə əlavə edib. O, həmin ukraynalıların “sülhə və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlərdə” əli olduğunu iddia edib.

Bastrıkinnin dediklərini müstəqil təsdiqlətmək mümkün olmayıb, Ukrayna da bunu şərh etməyib.

Kiyev də öz təhqiqatlarını aparır. Ukrayna hakimiyyəti ayın əvvəlində deyirdi ki, fevralın 24-də işğal başlayandan Rusiya qüvvələrinin törətdiyi bildirilən 21 mindən çox hərbi və təcavüz cinayəti araşdırılır.

Beynəlxalq Cinayət Məhkəməsi “cinayət səhnəsi” adlandırdığı Ukraynaya təhqiqatçılar və ekspertiza ekspertlərindən ibarət komanda göndərib.

Kreml hərbi cinayətlər törətmədiyini, dinc sakinləri hədəfə almadığını bildirir.