Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada hərbi əməliyyatlar nəticəsində 145 uşaq ölüb

Fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, genişmiqyaslı hərbi əməliyyat nəticəsində daha 222 uşaq yaralanıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində - 69, Xarkov vilayətində - 49, Donetsk vilayətində - 54, Çerniqov vilayətində - 39, Nikolayev vilayətində - 30, Luqansk vilayətində - 28, Zaporojye vilayətində - 22, Xerson vilayətində - 25, Kiyev şəhərində - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14.

Prezident Ofisinin məlumatına görə, bombardman və artilleriya atəşləri nəticəsində 790 təhsil müəssisəsi zərər görüb, onlardan 75-i tamamilə məhv olub.

Aktiv döyüş əməliyyatları aparılan bölgələrdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq mümkün olmadığı üçün məlumatlar hələlik dəqiq deyil.

Bundan başqa, döyüşlər səbəbindən hər ikinci ukraynalı uşaq evini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti köçkün olub.

UNICEF-in bəyanatında deyilir ki, 4,3 milyon uşaq öz evindən didərgin düşüb. Bu da Ukraynanın təxminən 7,5 milyonluq uşaq əhalisinin yarıdan çoxunu təşkil edir.

Qeyd edək ki, Ukraynada Rusiyanın başlatdığı müharibədə həlak olan uşaqların xatirəsini yad etmək məqsədilə Gürcüstan Parlamentinin qarşısında aksiya təşkil olunub. Parlament qarşısında 145 cüt uşaq ayaqqabısı düzülüb.