Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna "Wildberries"in Krasnodar və Nevinnomıssk anbarlarına zərbələr endirib

Ukrayna hərbçiləri iyulun 22-nə keçən gecə Rusiyanın ən iri onlayn ticarət şirkətlərindən olan "Wildberries"in logistika mərkəzi və paylama anbarını vurub. Krasnodarda və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən iki anbarda yanğın alovlanıb.

Bundan əvvəl, iyulun 18-i və 20-də Ukrayna Silahlı Qüvvələri "Wildberries"in Moskvadakı üç anbarına (onlardan ikisində yanğın qeydə alınmış, biri tamamilə külə dönmüşdü) və Volqoqrad vilayətinin Kotovsk şəhərində yerləşən anbarına da zərbələr endirmişdi.

Krasnodardakı "Wildberries" anbarında yanğının söndürülməsinə 105 əməkdaş və 37 texnika cəlb olunub. Bu barədə məlumatı regionun Operativ Qərargahı yayıb.

Rusiya "Telegram" kanallarının xəbərlərinə görə, dron hücumu nəticəsində Krasnodar diyarında beş nəfər, Stavropol diyarında isə 3 nəfər xəsarət alıb.

Daha sonra Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Nevinnomıssk şəhərinin kənarında yerləşən anbar kompleksinin vurulmasını təsdiqləyib, yaralı sayının beş nəfərə çatdığını bildirib.

"Wildberries" şirkətinin rəhbəri Tatyana Kim də Krasnodar və Nevinnomıssk şəhərlərindəki anbar mərkəzlərinə hücumları təsdiqləyib, əməkdaşlara operativ təxliyəyə görə təşəkkür edib.

Rusiyanın "Amazon"u

Ukrayna prezidenti Volodimir Zelenski "Wildberries" anbarlarına təşkil edilən hücumları təsdiqləyərək bildirib ki, hədəf Rusiya ordusunun dron komponentləri, naviqasiya avadanlığı və digər ləvazimatlarla təchizatında iştirak edən logistika mərkəzləri olub.

Bundan əvvəl Ukrayna dronları "Wildberries" şirkətinin Moskva və Volqoqrad vilayətlərindəki obyektlərini hədəf almışdı. Həmin zərbələr nəticəsində səkkiz işçi həlak olmuşdu.

"Wildberries" platforması Rusiyanın "Amazon"u adlandırılır. Şəbəkə Avropa kataloqlarından geyimlərin onlayn satışı ilə fəaliyyətə başlayıb. Sonradan şirkət üçüncü tərəf satıcıların geniş çeşidli məhsullar təqdim etdiyi böyük ticarət platformasına çevrilib.

Kiyev bu arada Rusiya daxilindəki dərinliklərdə yerləşən enerji və hərbi infrastruktur obyektlərinə zərbələri intensivləşdirir. Ukrayna sərhədindən 1000 kilometrədək məsafədə qərarlaşan obyektlər də hücumlara məruz qalır. Bu hücumlar Rusiyada yanacaq qıtlığına yol açıb və rusiyalılar arasında narazılığı artırıb.

Zelenski iyulun 22-də bildirib ki, "Wildberries" anbarlarından başqa, Ukrayna Rusiya ərazisində neft bazasını və tankeri də hədəf alıb. Onun sözlərinə görə, "Moskvanı diplomatiyaya doğru addımlamağa vadar etmək lazımdır".

Bununla belə, iki ölkənin danışıqlardakı mövqeləri arasında böyük fərq var. Kreml sərt mövqeyini qoruyur, Ukraynanın Donetsk vilayətindən tamamilə çıxmasını tələb edir.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, iyulun 22-də Rusiya gecə ərzində 216 dron və dörd raket buraxıb. Ölkənin cənubundakı liman şəhəri Odessada azı bir nəfər həlak olub, Kiyevdə isə üçü uşaq olmaqla azı beş nəfər yaralanıb.