Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi təyin edilib
22 İyul 2026
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi general-mayor İqor Skibyuk olacaq.
Bu barədə Ukrayna lideri teleqram kanalında yazıb.
"Biz sonrakı addımların ardıcıllığını müəyyən etdik. Bu gün Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindəki dəyişikliklərlə bağlı qərarlar rəsmiləşdiriləcək – müvafiq fərmanlar hazırlıq mərhələsindədir. Mixail Drapatıy və Yevgeni Xmara ilə birlikdə müəyyən etdik ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi general-mayor İqor Skibyuk olacaq", - o bildirib.
V.Zelenski qeyd edib ki, İqor Skibyuk Mixail Drapatı ilə birlikdə Ukraynanın müdafiəsində iştirak etmiş yüksək ixtisaslı zabitdir.
O həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Aleksandr Sırskinin və Baş Qərargahın sabiq rəisi Andrey Qnatovun gələcək xidmət istiqamətləri müəyyənləşdirilib, eləcə də Silahlı Qüvvələrin inkişafı üzrə təşkilati tədbirlər müzakirə olunub:
"Xüsusən də, kiberqoşunların inkişafı, hərbi qulluqçuların hazırlığının təkmilləşdirilməsi, bölmələrin döyüş potensialının gücləndirilməsi və səfərbərliyin səmərəliliyinin artırılmasından bəhs edilib".
Yekunda V.Zelenski xidmətlərinə görə Aleksandr Sırskiyə və Andrey Qnatova təşəkkür edib, Mixail Drapatı və İqor Skibyukə isə döyüş tapşırıqlarının yerinə yetirilməsində uğurlar arzulayıb.