Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna müharibəsində yeni mərhələ: Trampın kürəkəni mühüm detalları açıqladı

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukraynada müharibənin dayandırılması və müharibədən sonrakı təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində irəliləyiş əldə olunduğunu bildirib.

Kuşner bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

O qeyd edib ki, bu gün səhər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı apararaq əldə olunan irəliləyişi və sülh prosesinin növbəti mərhələlərini müzakirə edib.

Bundan əlavə, Ukrayna və Avropa tərəfdaşları ilə də məhsuldar telefon danışığı keçirilib. Müzakirələrdə Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliyanın milli təhlükəsizlik müşavirləri, həmçinin Avropa İttifaqı və NATO nümayəndələri iştirak ediblər.

Kuşnerin sözlərinə görə, müzakirələrdə Avropa ilə Rusiya arasında son dörd ildə, demək olar ki, baş tutmayan birbaşa təmasların bərpasına şərait yaradılması məsələsi də diqqət mərkəzində olub. O, həmçinin yaxın gələcəkdə keçirilməsi planlaşdırılan növbəti çoxtərəfli görüşün gündəliyinin hazırlanmasına başlanıldığını bildirib.

Onun sözlərinə görə, NATO Avropa təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalacaq.

Kuşner Ukrayna üçün uğurlu nəticənin üç əsas istiqaməti əhatə etdiyini qeyd edib:

- Ukraynanı gələcək təcavüzlərdən qorumaq üçün güclü və etibarlı təhlükəsizlik təminatlarının yaradılması;

- Ukraynanın uzunmüddətli gələcəyini Avropaya bağlayan Avropa İttifaqına üzvlük yolunun açılması;

- Avropalı tərəfdaşlar, Dünya Bankı və digər qurumlarla birlikdə Ukraynanın maliyyə sabitliyini, bərpasını, investisiyaları və uzunmüddətli iqtisadi inkişafını dəstəkləyəcək hərtərəfli müharibədən sonrakı rifah planının hazırlanması.

Kuşner çətinliklərin hələ də qaldığını və yekun razılaşmanın mürəkkəb qərarlar tələb edəcəyini bildirib. Bununla belə, onun sözlərinə görə, Rusiya, Ukrayna və Avropa ilə sıx koordinasiya şəraitində müharibəyə son qoymaq, Avropanın təhlükəsizliyini gücləndirmək və davamlı sülhün əsaslarını yaratmaq istiqamətində irəliləyiş əldə olunur.