Qırğızıstanda plastik torbalara qadağa qoyulur
17 Noyabr 2026
Gələn il yanvarın 1-dən Qırğızıstanda polimer plyonkadan hazırlanmış torbaların istehsalı və satışı, eləcə də ticarət obyektlərində və xidmət sektorunda pulsuz paylanması qadağan ediləcək. Məhdudiyyətlər birdəfəlik istifadə olunan bəzi digər plastik məhsullara da şamil edilir. Prezident Sadır Japarov noyabrın 15-də İssık-Kul vilayətində sakinlərlə görüşündə bu barədə danışıb.
Məhdudiyyətlər əvvəllər İssık-Kul vilayətində pilot qaydada tətbiq olunub. Japarov qadağanın yeni ildən bütün ölkə ərazisində qüvvəyə minəcəyini bildirib.
İclasda söz alan kağız torba istehsalçısı bir sahibkar mağazaların yenidən plastik torbalardan istifadə etməyə başlamasından gileylənib. İşadamının sözlərinə görə, məhdudiyyətlər qüvvəyə mindikdən sonrakı ilk iki il ərzində ticarət obyektləri qadağaya əməl etsələr də, sonradan əvvəlki torbalardan istifadəyə qayıdıblar.
Japarov sahibkarla görüşəcəyini və alternativ qablaşdırma məhsullarının istehsalına dövlət dəstəyi imkanlarını nəzərdən keçirəcəyini vəd edib.
Bu məhdudiyyətlərlə bağlı qanun 2025-ci ildə imzalanıb. Sənədə əsasən, 2027-ci il yanvarın 1-dən polimer plyonkadan hazırlanmış torbaların istehsalı və satışı, həmçinin ticarət və xidmət sektorunda pulsuz verilməsi qadağan olunur.
Məhdudiyyətlər təkrar emal olunmayan birdəfəlik plastik qablara, yumurta qablarına, qəhvə kapsullarına və ərzaq torlarına da şamil edilir. Dövriyyəsinə icazə veriləcək torbaların və birdəfəlik qabların siyahısını isə Nazirlər Kabineti müəyyən etməlidir. Plastik butulkalar və qida konteynerləri qadağan olunan məhsulların siyahısına daxil deyil.
"Azattyq Asia" Özbəkistanda və Tacikistanda da plastik torbalardan istifadəyə məhdudiyyətlərin tətbiq olunduğunu yazır. Qazaxıstanda isə mümkün qadağalar müzakirə edilir. Türkmənistanda hər hansı məhdudiyyətin olub-olmadığını yoxlamaq mümkün olmayıb.
Azərbaycanda isə 2023-cü il fevralın 15-dən ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb və bu addım ekoloji amillərlə izah olunub. Həmin ilin noyabrında açıqlanan rəsmi statistikada ticarət obyektlərində polietilen torbaların satışında 45-50 faiz azalmanın olduğu açıqlanıb. Ancaq sonrakı illərdə bu azalma tempinin səngidiyi bildirilir. Bunun əsas səbəbi polietilen torbalara alternativlərin azlığı ilə əlaqələndirilir.