Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna müharibəsi: Rusiya Xersonun “çətin vəziyyətdə” olduğunu etiraf etdi


Ukraynadakı Rusiya qüvvələrinin komandanı, general Sergey Surovikin cənubdakı Xerson şəhərində vəziyyətin "çətin" olduğunu deyib. Komandan əlavə edib ki, sakinlər təxliyə edilməlidir.





General Sergey Surovikin Rusiya dövlət televiziyasına açıqlamasında bildirib ki, "HİMARS" raketlərindən istifadə edən Ukrayna qoşunları şəhərin infrastrukturunu və yaşayış məntəqələrini vurur.





"Rusiya ordusu hər şeydən əvvəl Xerson əhalisinin təhlükəsiz təxliyəsini təmin edəcək", - deyə o bildirib.





Onun nadir hallarda etiraf etdiyi böyük problemləri yüksək səviyyəli yerli məmurlar da təkrarlayıb.




Rusiya tərəfindən təyin edilmiş yerli məmur Kirill Stremousov Xerson sakinlərinə xəbərdarlıq edərək "çox yaxın gələcəkdə" Ukrayna qoşunlarının şəhərə hücuma keçəcəyini açıqlayıb.





"Xahiş edirəm, sözlərimi ciddi qəbul edin - mən mümkün qədər tez evakuasiya etməkdən danışıram" deyə o, Telegram-da bildirib. Kirill Stremousov əlavə edib ki, ən çox Dnepr çayının qərb sahilində (Ukraynada Dnipro adlanır) insanlar risk altındadır.





Bunu regionun Rusiya tərəfindən də təyin olunmuş qubernatoru Vladimir Saldo da videomüraciətində təsdiqləyib.





Xerson hələ fevral ayında rusların əlinə keçən ilk böyük şəhər idi.





Ukrayna qüvvələri son bir neçə həftə ərzində davamlı olaraq yaxınlıqdakı əraziləri geri alır. Onlar Rusiya qoşunlarını tələyə salmaqla hədələyərək Dnepr boyunca 30 km cənuba doğru irəliləyiblər.





"Bütövlükdə xüsusi hərbi əməliyyat zonasında vəziyyəti gərgin kimi xarakterizə etmək olar", - general Surovikin bildirib.





Xerson rusların işğalı zamanı ələ keçirilən yeganə Ukrayna regional paytaxtıdır. İndi Kreml Xersonun və Ukraynanın daha üç bölgəsinin Rusiyanın bir hissəsi olduğunu iddia edir - bu iddia beynəlxalq səviyyədə rədd edilir.





İnfrastrukturun zədələnməsi




Özünün sərt üsulları ilə məşhur olan general Surovikin bildirib ki, Ukraynanın yaylım atəşi Xersondakı Antonivski körpüsünə və Kaxovka su elektrik stansiyasına ziyan vurub və bu, ana yollar boyunca hərəkəti dayandırıb.





Onun sözləinə görə, bu, əsas xidmətlər üçün, məhz ərzaq malları, su və elektrik üçün təchizat problemləri yaradıb.





BBC generalın Xersonda təsvir etdiyi çətinlikləri yoxlaya bilməyib.





General Surovikin bildirib ki, ukraynalılar geniş cəbhə boyu - şərqdə Kupyansk və Liman ərazilərində, cənubda isə Nikolayev-Krivyi Roq cəbhəsində davamlı hücumlar təşkil edir.





Xersonda planlaşdırılan "evakuasiya"nın miqyası hələlik bəlli deyil. Əgər Rusiya insanları evlərini tərk etməyə məcbur edərsə, bu, BMT-yə əsasən, müharibə cinayəti sayıla bilər.





Mart ayında Ukrayna bildirib ki, Rusiya minlərlə insanı Rusiyanın hücumu nəticəsində viran qalan Mariupoldan qanunsuz olaraq öz ərazisinə deportasiya edib.





BMT-nin müharibə cinayətlərinin tərifində məcburi köçürülmə belə təsvir olunub: "İşğalçı dövlət tərəfindən birbaşa və ya dolayı yolla mülki əhalinin bir hissəsinin işğal edilən əraziyə köçürülməsi və ya işğal edilmiş ərazinin əhalisinin hamısının və ya bir hissəsinin deportasiyası və ya köçürülməsi".





Rusiya Dövlət Duması - parlamentin aşağı palatası çərşənbə axşamı günü Xerson sakinlərinin Rusiyaya köçürülməsi planlarını müzakirə edib. Baş nazirin müavini Marat Xusnullin Rusiyanın istənilən yerində onlara yeni evlər təklif ediləcəyini və hökumətin maliyyə yardımı edəcəyini bildirib.











Xerson, Rusiya, Ukrayna





Xerson liman qurğuları və müxtəlif sənaye sahələri ilə əsas iqtisadi mərkəzdir





Mart ayında Ukrayna Rusiyanın minlərlə insanı qeyri-qanuni deportasiya etdiyini bildirib.





Rusiyanın "Vremya" TV kanalının xəbərinə görə, hər ailə üzvü tərk etmək məcburiyyətində qaldığıı məişət əşyalarını əvəzləmək üçün 100 min rubl (2752 manat ) alacaq.





Müharibədən əvvəl Xersonun əhalisi təxminən 300 min nəfər olub, lakin Ukrayna rəsmilərinin hesablamalarına görə, bu rəqəmin təxminən yarısı şəhəri tərk edib.





Kremlin "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukraynadakı müharibəsinin yeni komandiri general Surovikindir.





Ləqəbi general Armageddon olan Surovikin Rusiya müharibələr veteranıdır. O, Suriyada xeyli sayda mülki vətəndaşın ölümünə səbəb olan Rusiya bombardmanlarına nəzarət edib. General, həmçinin Çeçenistanda insan haqlarının pozulmasında ittiham olunan qoşunlarun komandanı olub.





General Surovikin Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə növbəti dəfə dronlar və raketlərlə zərbələri endirdiyi bir gündə açıqlama verib. İndi Kiyevin bəzi hissələrində elektrik və su yoxdur.





Ukrayna prezidenti Vlodimir Zelenski bildirib ki, son səkkiz gündə ölkəsindəki elektrik stansiyalarının 30 faizi dağıdılıb.