Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna: Kütləvi məzarlıqlar, işgəncə mərkəzləri aşkar olunub

Ukrayna polisinin rəisi İhor Klimenko deyib ki, ilkin araşdırma işğaldan yenicə azad olunmuş ərazidə basdırılanların mülkilər olduğunu göstərir.

Mətbuat konfransında suallara cavab verən Klimenko bunu da deyib ki, eksqumasiya işləri davam etdirilir.

Onun verdiyi məlumata görə işğaldan yenicə azad edilmiş ərazilərdə habelə bir neçə işgəncə yerləri də aşkar olunub.

Klimenko bildirib ki, Xarkov regionunda azı 10 belə işgəncə mərkəzi tapılıb. O işgəncə mərkəzlərindən ikisinin Balakliyada olduğunu deyib.

Minlərlə Rusiya hərbçisi İzyumdan ötən həftə qaçıb. Onlar çox sayda silah-sursat və texnikanı qoyub qaçıblar.

Klimenko deyib ki, ötən həftə mümkün hərbi cinayətlərlə bağlı 204-dək cinayət işi açılıb.

BMT insan haqları ofisi İzyuna komissiya göndərəcyini bildirib.

Sentyabrın 15-də axşam Ağ ev Ukraynaya əlavə 600 milyon dollarlıq hərbi yardım ayrılacağını açıqlayıb. Yardıma avadanlıq və xidmətlər, eləcə də təlim daxildir. Hansı silahların veriləcəyi haqda detallı informasiya yoxdur.

Prezident Volodimir Zelenski isə Rusiyanın “hər yerdə arxasınca ölüm buraxdığını” deyib. Sentyabrın 15-də Ukraynanın şimal-şərqi Xarkov vilayətindəki İzyum şəhərində təzə kütləvi məzarlıq aşkarlanıb. Zelenski ənənəvi gecə müraciətində artıq gərəkən prosedur işlərinin başlandığını deyib.

Buça, Mariupoldan sonra İzyum


“Buça, Mariupol, indisə, təəssüf ki, İzyum”, – deyə Zelenski daha öncə Rusiya əsgərləri geri çəkiləndən sonra kütləvi məzarlıqlar və hərbi cinayət izləri aşkarlanmış şəhərlərin adlarını sadalayıb.

“Rusiya hər yerdə arxasınca ölüm buraxır və buna görə məsuliyyət daşımalıdır”, – o vurğulayıb.

Zelenski neçə meyitin aşkarlandığını deməyib, sentyabrın 16-da əlavə informasiyanın veriləcəyini bildirib.

440 meyitin aşkarlandığı deyilir


Ukraynanın Müdafiə Nazirliyi isə ərazidə azı 440 meyit tapıldığını açıqlayıb.

“Rusiyalılardan azad ediləndən sonra İzyumda kütləvi məzarlıqlar tapılır. İndilik 440 işarələnməmiş məzar görünür”, – nazirlik tvitində yazıb.

Minlərlə rusiyalı əsgər İzyumdan ötən həftə çıxıb. Xarkov vilayətindəki bu şəhərdən logistika qovşağı kimi istifadə olunurdu. Əsgərlər böyük miqdarda sursat və avadanlıq qoyub gedib.

Xüsusi şəraitdə itkin düşənlər üzrə komissar Oleq Kotenko isə daha öncə AzadlıqRadiosuna kütləvi məzarlıqda ilkin olaraq 20-25 cəsədin tapıldığını, bunun Ukrayna əsgərləri üçün kütləvi məzarlıq olduğunu deyib.

Xarkov vilayəti üzrə baş polis müstəntiqi Sergey Bolvinovun sözlərinə görə, “bəziləri artilleriya atəşindən, bəziləri hava zərbələrindən ölüb”.

Rusiya Xarkovda hücuma keçir


Bu məlumatları dərhal təsdiqləmək mümkün olmayıb. Müharibədə dinc sakinləri hədəfə almadığını deyən Rusiya məsələyə şərh verməyib.

Zelenski sentyabrın 14-də İzyuma gedib, işğaldan azad olunmuş şəhərdə Ukrayna bayrağı qaldırılıb.

Ukrayna qüvvələrinin Donetsk şəhərindən şimalda Rusiyanın üç hücumunu dəf etdiyi xəbər verilir. Silahlı Qüvvələrin Baş Qərargahı Facebook-da yazdığına görə, Odessa vilayətinə dənizdən raketlər atılıb, ancaq hava əleyhinə sistemlərlə vurulub.

Ukrayna ordusu Rusiya qüvvələrinin Xarkov cəbhəsində bir neçə məntəqədə hücuma keçdiyini bildirir.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.