Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Baş Qərargahı düşmən itkilərini açıqladı: Rusiya ordusunun generalı yaralanıb

Rusiya Silahlı Qüvvələrinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun 144-cü motoatıcı diviziyasının komandiri, general-mayor Oleq Tsokov Svatove qəsəbəsi ərazisində yaralanıb.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, general-mayor yaralandıqdan sonra təxliyə edilib.

Həmçinin Baş Qərargahın məlumatında Rusiya ordusunun itkilər verdiyi bildirilib: "Xüsusilə rəhbər şəxslər arasında itkilər var. Rusiya tərəfi işğal olunmuş ərazilərdə məcburi səfərbərliyi davam etdirir. Rusiya Silahlı Qüvvələrinin Marşal Vasilevski adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasının sonuncu kurs tələbələrinin ordu sıralarına cəlb olunması da məlumdur. Rusiya hərbi rəhbərliyini sentyabrın 26-dan oktyabrın 24-dək Moskva Birləşmiş Hərbi Komandanlıq Məktəbinin bazasında ehtiyatda olan hərbçilərlə görüşü planlaşdırır".

Məlumatda vurğulanıb ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri gün ərzində Kupyansk, Spirne, Mayorsk, Zaitseve, Avdiivka, Novomıxaylivka, Opıtne və Kamianka yaşayış məntəqələrinin ərazilərində düşmənin hücumlarını dəf edib: "Qarşı tərəfin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 25 raket və zenit-raket komplekslərinin olduğu 6 mövqe vurulub. Hava hücumunundan müdafiə bölmələrimiz qarşı tərəfin "Mi-8" helikopterini məhv edib".

Ümumilikdə son sutkada Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 060-a çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 254 tank, 4 796 zirehli döyüş maşını, 1 355 artilleriya sistemi, 326 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 254 təyyarə, 219 helikopter, 950 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 659 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.