Ukrayna 48 saat ərzində Rusiyanın 13 gəmisinə hücum edib
22 İyul 2026
Ukrayna son 48 saat ərzində Qara və Azov dənizlərinin akvatoriyalarında Rusiyaya məxsus 13 gəmiyə dronlarla hücum edib.
“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib.
Onun sözlərinə görə, iyulun 21-22-də Ukrayna hərbçiləri 13 Rusiya gəmisinə zərbələr endiriblər. Zərbələr həmin gəmilərin Ukrayna sularında "düşmən ölkənin maraqları naminə" istifadəsini qeyri-mümkün etmək məqsədilə həyata keçirilən əməliyyat çərçivəsində endirilib.
Bəyanata əsasən, 10 quru yük gəmisi, 2 yedək gəmisi və 1 tanker zərbəyə məruz qalıb.
Brovdi həmçinin bildirib ki, iyulun 6-dan 22-dək "MoLoÇKa" əməliyyatı çərçivəsində Rusiyanın 196 üzən vasitəsi vurulub. Onlardan 126-sı Azov dənizində, daha 70-i isə Qara dənizdə olub.
Onun sözlərinə görə, Pilotsuz Sistemlər Qüvvələri "Krımski rubilnik off" əməliyyatını davam etdirir. 21–22 iyul tarixlərində Ukrayna dronları 13 enerji qovşağı və elektrik yarımstansiyasına, o cümlədən işğal altındakı Krımda 11 obyektə və Rusiyanın nəzarəti altında olan digər ərazilərdəki iki obyektə zərbələr endirib.
Komandanın məlumatına görə, iyulun əvvəlindən bu əməliyyat çərçivəsində 117 enerji obyekti vurulub.