Logo
news content
User
Kateqoriyalar

Xəbər

Üç ərəb ölkəsindən Türkiyə-Liviya sazişinə etiraz: Yunanıstana dəstək verdilər

Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Türkiyə ilə Liviya arasında dəniz sərhədlərinə dair əldə olunmuş razılaşmanı pisləyiblər. Bu üç ölkə Yunanıstanın mövqeyini dəstəkləyərək, həmin sazişi regional təhlükəsizliyə və beynəlxalq hüquq normalarına təhdid adlandırıb.

Liviyanın şərqindəki parlament ötən həftə Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz sərhədləri razılaşmasını təsdiqləyib. Yunanıstan və Kipr bu qərara dərhal reaksiya verərək, sənədin onların dəniz əraziləri ilə bağlı haqlarını pozduğunu bildiriblər.

Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis oktyabrın 26-da Nyu-Yorkda BMT-yə Afinanın üç ərəb ölkəsi ilə birgə bəyanatını təqdim edib. Bəyanatda deyilir ki, dəniz sərhədləri razılaşması "regional təhlükəsizlik və sabitlik baxımından ciddi narahatlıq doğurur", həmçinin "özbaşına" ikitərəfli razılaşmaların beynəlxalq hüquq normalarını sarsıtmasına imkan verməklə təhlükəli presedent yarada bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da bildirib ki, Avropa İttifaqı və digər tərəflərin məsələyə reaksiyalarının heç bir hüquqi əsası yoxdur. O, Ankaranın Aralıq dənizinin şərqindəki siyasətini müdafiə edib.

2011-ci ildə Liviyada Müəmmər Qəddafi devriləndən sonra ölkədə vətəndaş müharibəsi başlanıb. Bundan sonra Liviya şərq və qərb administrasiyalarına parçalanıb.

Liviya ilə Türkiyə arasındakı razılaşmanı ölkənin qərbində, Tripolidə yerləşən hökumət imzalayıb. Hərbi komandan Xəlifə Haftarın rəhbərlik etdiyi şərq administrasiyası isə bu razılaşmanı illər boyu tanımayıb.

Ankara 2019–2020-ci illərdə Haftar qüvvələrinin Tripoliyə hücumunun dəf edilməsində həlledici rol oynayıb. Amma son illər tərəflərin münasibətləri tədricən yaxşılaşıb. Türkiyə rəsmiləri Haftarın faktiki paytaxtı sayılan Benqaziyə müntəzəm səfərlər edir, Ankara isə bərpa, tikinti və digər sahələrə böyük həcmdə investisiya yatırır.