Türkmənistanda xərçəngdən müalicə üçün bankdan kredit götürürlər
18 Fevral 2026
Türkmənistanda həyat səviyyəsi düşür, bir çox insan müalicəyə belə pul tapmır. Belə bir durumda insanlar müxtəlif yollara baş vururlar. AzadlıqRadiosunun müxbirləri Türkmənistandakı mənbələrə istinadla xəbər verirlər ki, ölkədə xərçəng xəstələrinin sayının artması fonunda insanlar tibbi müayinələrdən keçmək, dərman almaq üçün banklardan müxtəlif yollarla kredit almağa çalışırlar.
"Son illər Axal vilayətində xərçəngdən əziyyət çəkən, tanıdığım insanların sayı artıb. Əvvəllər bu xəstəliklər barədə kənar mənbələrdən eşidirdik, indi hər evə yayılıb. Əhali çox çətin vəziyyətdədir", –Axal vilayətinin sakini deyir.
Mənbənin sözlərinə görə, "İnsanların nə pulu, nə də satmağa bir şeyi qalıb, hər evdə durum belədir. Kirayə qalan, uşaqlarını çətinliklə dolandıran ailələr ev əşyaları da daxil olmaqla, bacardıqları hər şeyi satmağa başlayıblar".
"Müalicəyə ehtiyacı olanlar heç bir yerdən pul gəlməyəcəyini bilsələr də, böyük borclara girirlər", – o əlavə edir.
Vasitəçiliklə kredit alanlar
Son zamanlar ən çox rast gəlinən hallardan biri budur ki, insanlar kredit götürmək üçün bankın şərtlərinə uyğun gəlmir və vasitəçilərə müraciət edirlər. Vasitəçilər adətən bank işçiləri ilə işləyir, kredit şərtlərinə uyğun sənədlərin hazırlanmasına kömək edir və xidmətləri qarşılığında bankdan kreditin böyük bir hissəsini alırlar.
"Bəzi bank işçiləri sahibkar kimi davranır, sizə 30, 40 və ya 50 min manat kredit almağa kömək edir. "Mənim bağım və ya fermam var" deyirlər, sonra isə krediti imzalayan şəxsə verilən puldan 20 min manat götürürlər. Bank işçiləri deyirlər ki, bu pul başqasına veriləcək və həmin şəxs onun müəyyən faizini ödəyəcək", – radionun türkmən xidmətinə danışan bir neçə nəfər belə deyib.
Aldatmalar
Belə şərtlərlə kredit alan insanların aldadılması halları da yayılıb. Pulun böyük hissəsini vasitəçilərə verən insanlar bankla imzaladıqları bütün borcun faizini ödəməli olurlar. Di gəl, bununla razılaşanlar da çoxdur. "Son zamanlar razılaşanların sayı xeyli artıb", – müxbir bildirir.
Adının çəkilməməsi şərti ilə "Azatlyk"a danışan bir türkmənistanlı niyə belə şübhəli şərtlərlə kredit götürdüyünü izah edir: "Müalicə olunmalıyam, durumum günbəgün pisləşir. Satacaq heç nəyim qalmayıb, çox insandan, tanışlardan, qohumlardan pul istəmişəm, heç kim kömək etməyib. Pul istədiyim hər evdə mənim kimi xərçəng xəstəsi var".
2025-ci ilə qədər bankdan kredit götürən bir neçə nəfər kreditin bütün məbləği üzrə faiz ödəməli olduğunu aşkarlayandan sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq istəyib, amma fikrindən daşınıb. "Bank işçiləri məni aldatdılar. Polisə, prokurorluğa şikayət edə bilmərəm, çünki sənədlərdə məni kənd təsərrüfatı istehsalı ilə məşğul olmağa çalışan bir işadamı kimi təqdim ediblər. Amma işsizəm, gündəlik çörəyimi güclə qazanıram. İndi şikayət etsəm, məni fırıldaqçılıqda ittiham edib həbsxanaya salacaqlar", – Axal sakini deyib.
Türkmənistanda xərçəngin geniş yayılması haqda məlumatlar artır. Paytaxtdakı səhiyyə işçiləri yanvarda "Azatlyk"a bildiriblər ki, paytaxtdakı onkoloji xəstəxanalara müraciət edənlərin sayı çox olduğundan onlar uzun növbə siyahıları ilə üzləşirlər .
Ölkənin səhiyyə rəsmiləri problemlərlə bağlı şərh vermirlər.
Türkmənistanda onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra əsas ölüm səbəblərindən biridir.