Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə Ukrayna taxılı üzrə koordinasiya mərkəzi yaradılacaq

"Ukrayna taxılına dair dördtərəfli görüşdə İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb".

"Haber Global" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Dördtərəfli görüşdə limanın çıxış və gəliş məntəqələrində birgə nəzarətin həyata keçirilməsi, eləcə də transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.

Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən görüşəcək və bütün detallar nəzərdən keçiriləcək.

BMT-nin baş katibi Antoni Quterreş görüşün nəticələrini şərh edərək bəyan edib ki, İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb.

“Bu gün İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq”, - o vurğulayıb.

Onun sözlərinə görə, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.

BMT tərəflərin taxıl ixracına dair rəsmi razılığa gələcəyinə ümid edir.

A.Quterreş hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.