Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə inflyasiya son 24 ildə ən yüksək həddə çatıb

Türkiyədə ötən oktaybr ayında illik inflyasiya 85.51 faizə çatıb və bu, son 24 ildə ən yüksək illik inflyasiyadır.

Hökumətin noyabrın 3-də açıqladığı bu rəqəm proqnozdan cüzi azdır.

Bundan əvvəl Türkiyə Mərkəzi Bankı artmaqda olan bahalaşmaya baxmayaraq uçot dərəcəsini ixtisar edib.

Ərdoğanın iqtisadiyyatı


Türkiyədə inflyasiya ötən ildən qalxmağa başlayıb. Buna səbəb prezident Recep Tayyip Ərdoğanın maliyyə siyasətinə uyğun olaraq Mərkəzi Bank uçot dərəcəsini azaltmağa başlaması idi.

Ötən üç ayda Mərkəzi Bank uçot dərəcəsini 350 baza bəndi azaldaraq 10.5 faizə çatdırıb.

Bank bildirib ki, bu ay son dəfə olaraq uçot dərəcəsini ixtisar edəcək.

Bu, bütün dünyada bankların uçot dərəcələrini artırdığı bir vaxtda baş verir.

Türkiyədə aybaay istehlakçı qiymətləri 3.54 faiz artıb.

Oktyabr ayında qeydə alınmış inflyasiya Türkiyədə 1998-ci ilin iyunundan bəri ən yüksək illik inflyasiya rəqəmidir.

Hər şey lirədən asılı olacaq

Burumcekci Consulting firmasını Haluk Burumçekci bildirib ki, əgər lirənin qiyməti bundan sonra da düşməzsə, deməli baza inflyasiya özünün pik həddini keçmiş olacaq.

Lirə ötən il 44 faiz, bu il isə 29 faiz dəyər itirib və bu, yanacağın kəskin bahalaşması ilə birlikdə inflyasiya artımının arxasındakı əsas faktor olub.

Geyim əşyalarının qiymətlərində aybaay artım 8.34 faiz olub. Ərzaq 5.09, evlə bağlı xidmətlərin qiymətləri isə aybaay 4.38 faiz artıb.

Nəqliyyat qiymətləri benzinin qiyməti də daxil illik 117.15 faiz artıb. Ərzaq qiymətlərinin illik bahalaşması 99.05 faiz təşkil edib.

Reuters agentliyinin son sorğusu əsasında çıxarılmış orta rəqəmə görə ilin axırında Türkiyədə inflyasiya 70.25 faiz olaraq proqnozlaşdırılır. Türkiyə Mərkəzi Bankının həmin vaxt üçün orta illik rəqəmi 65.25 faizdir.

Türkiyə hökuməti bildirir ki, onun iqtisadi proqramında prioritet istehsalı və ixracı artırmaq məqsədilə uçot dərəcəsini aşağı həddə saxlamaqdır.