Logo
news content
User
Kateqoriyalar

Xəbər

Trampa sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb, kimliyi müəyyən edilib

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışmanı araşdırır və hadisəni ona sui-qəsd cəhdi kimi qiymətləndirir. Bu barədə FTB-nin məlumatında deyilir.

Sənədə əsasən, FTB agentləri Florida ştatına, “West Palm Beach”ə gəliblər və keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi kimi görünənlərlə bağlı araşdırma aparırlar.

Rayan Uesli Rut Florida ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinir.

Bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rut avtomatının lüləsini Palm-Biçdə (Florida ştatı-red) “Trump International Golf Club”un hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

ABŞ-nin Məxfi Xidmətinin əməkdaşı Donald Trampın yaxınlığında olan silahlı şəxsə atəş açıb. "The New York Post" mənbələrə istinadən xəbər yayıb ki, Məxfi Xidmətin əməkdaşı “Palm Beach” (Florida ştatı) qolf klubunda şübhəli kişini görüb və silaha bənzəyən əşyanı gördükdən sonra atəş açıb. Bundan sonra şübhəli şəxs yerli polis tərəfindən saxlanılıb.

ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu Florida ştatında, qolf klubunun yanında atəş açan silahlı şəxs sabiq dövlət başçısına hücum etməyi planlaşdırıb. Bu barədə isə CNN mənbələrə istinadən bildirib.

"Rəsmilər silahlı şəxsin Trampa hücum etmək niyyətində olduğunu güman edirlər", - telekanal əlavə edib.

Hadisə Pensilvaniya ştatının Butler dairəsində Trampa edilən sui-qəsd cəhddən təxminən iki ay sonra baş verib.

Tramp iyulun 13-də seçkiqabağı mitinqdə güllələnib. Respublikaçı yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks ABŞ-nin birinci şəxslərini, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib. FTB hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib.