Tramp Yaxın Şərq ölkələrindən İran müharibəsinin xərclərini ödəməyi tələb edib
10 Noyabr 2026
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı müharibə zamanı müdafiə etdiyi ölkələrin hərbi əməliyyatlara çəkilən bütün xərcləri kompensasiya etməli olduğunu bildirib.
Tramp bu barədə “CBS News” telekanalının “60 Minutes” proqramına müsahibəsində danışıb.
“Bu proses başa çatdıqdan sonra müdafiə etdiyimiz ölkələr müharibə ilə bağlı çəkdiyimiz bütün xərcləri bizə qaytaracaqlar. Çünki biz olmasaydıq, onlar mövcud olmazdılar”, – ABŞ Prezidenti deyib.
Tramp xüsusilə İsrailin təhlükəsizliyinin təmin edilməsində Vaşinqtonun rolunu vurğulayıb.
“Biz olmasaydıq, İsrail mövcud olmazdı. Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı”, – o iddia edib.
ABŞ Prezidenti müvafiq ölkələrə bu tələbi artıq çatdırdığını və xərclərin tam şəkildə geri qaytarılacağını gözlədiyini bildirib.
Bununla belə, Tramp kompensasiyanın konkret məbləğini, ödənişlərin hansı ölkələr tərəfindən həyata keçiriləcəyini və bunun mexanizmini açıqlamayıb.