Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
07 Oktyabr 2026
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sona yaxınlaşdığını düşünür.
ABŞ lideri bunu Merilend ştatının Baltimor şəhəri yaxınlığındakı Sparrows Point gəmiqayırma zavodunda tərəfdarları ilə görüşü zamanı deyib.
"İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, amma bu, həqiqətən də sona yaxınlaşır. Baxmayaraq ki, elə görünmür... Düşünürdüm ki, bu, mənim üçün ən asan məsələ olacaq. Mən səkkiz müharibənin başa çatmasına nail olmuşam. Bu da kifayət qədər tezliklə baş verəcək", - deyə Tramp bildirib.
Tramp Ukraynadakı müharibənin başa çatması istiqamətində çalışdığını da qeyd edib.
Ağ Ev rəhbəri İranla bağlı vəziyyətə də toxunub. O vurğulayıb ki, ABŞ-ın İran neftinə ehtiyacı yoxdur, bu neftə "başqalarının" ehtiyacı var.
"Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsusdur. Hazırda vəziyyət belədir. Bununla belə, bizim onların neftinə ehtiyacımız yoxdur. Onların neftinə başqalarının, həm də çox ehtiyacı var. Amma biz onun ixracını təmin edirik. Həm də bunu rekord səviyyədə həyata keçiririk", - Tramp əlavə edib.
ABŞ Prezidenti Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsini həll etdiyini də vurğulayıb. "Bu, heç vaxt baş verməyəcək, heç vaxt. Bu məsələ artıq həll olunub", - deyə o bildirib.