Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Putinlə "boşuna görüşmək" istəmir

ABŞ prezidenti Donald Trampın "yaxın gələcəkdə" rusiyalı həmkarı Vladimir Putinlə görüşmək planı yoxdur. Bunu Ağ evin aparıcı rəsmisi oktyabrın 21-də deyib. Bir neçə gün öncə isə Tramp Putinlə daha bir sammitinin planlaşdırıldığını demişdi.

Tramp deyir ki, Putinlə sammit planlarının təxirə salmasına "boşuna görüş" ehtimalı səbəb olub. Amma həm də Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni bitirmək istədiyinə inandığını bildirib, diplomatiyanın davam etdiyinə işarə vurub.

"Cəbhədə çox şey baş verir", – Tramp Ağ evdə jurnalistlərə belə deyib, növbəti günlərdə daha çox şeyin bəlli olacağını əlavə edib.

Avropanın baxışı

NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-22-də Vaşinqtonda səfərdədir və Trampla görüşəcək. "Reuters"in istinad etdiyi mənbəyə görə, o, atəşkəslə, sonrakı mümkün sülh danışıqları ilə bağlı Avropanın baxışını təqdim edəcək.

Oktyabrın 20-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla danışıblar, ancaq onların üzbəüz görüşməyəcəyi açıqlanıb.

Əsas fikir ayrılığı Moskvanın Ukraynada dərhal atəşkəsə etirazı ilə bağlıdır.

Lavrov deyib ki, müharibənin "köklü" səbəblərini məhv edəcək həll yolu tapılmalıdır. Onun sözlərinə görə, Rusiyanın müharibədəki hədəfləri dəyişməyib, "xüsusi hərbi əməliyyat" məqsədlərinə çatacaq.

Tramp isə daha öncə xəbərdarlıq etmişdi ki, Ukraynada müharibəni bitirmək üçün razılaşma əldə olunmasa, nəticələri ciddi olacaq.

"Putin zorakılığı seçir"

Zelenski və Avropa İttifaqının aparıcı rəsmiləri Putinin müharibəni bitirmək istədiyinə dəfələrlə şübhələrini bildiriblər. Onlar oktyabrın 21-də birgə bəyanatda da bu məqamı vurğulayıblar.

"Hamımız görürük ki, Putin zorakılığı və dağıtmağı seçir", – Zelenski, Britaniya baş naziri Kir Starmer, Almaniyan kansleri Fridrix Merts, İtaliya baş naziri Corca Meloni, Avropa komissiyasının başçısı Ursula fon der Lyayenin imzaladığı bəyanatda deyilir.

Zelenski sosial mediada yazıb ki, "bu həftə Avropada xeyli görüş və danışıqlar olacaq". Bu arada onun oktyabrın 24-də Londona uçacağı, orada "İstəklilər koalisiyası"nın iclasının keçiriləcəyi bildirilir. Bu koalisiyaya Ukraynanın 20-dən çox Qərb müttəfiqi daxildir.

Ötən gecə Rusiyanın Kiyevə hücumları havadan müdafiə qüvvələrinin işə düşməsinə səbəb olub. Ballistik raketlərin cəlb olunduğu hücum zamanı xəsarət alan olmayıb.

Zaporojye, Dnepr şəhərlərinə də raket və dron zərbələri endirilib.

Zelenski ötəngecəki zərbələrdə ikisi uşaq olmaqla altı nəfərin öldürüldüyünü bildirib. X postunda o, hücumda azı 17 nəfərin xəsarət aldığını da əlavə edib.

Oktyabrın 21-də Ukrayna Rusiyanın cənubundakı Bryansk vilayətində kimyəvi məhsullar zavodunu vurub. Kiyev hücumda Fransa-Britaniyaya məxsus "Storm Shadow" raketlərindən istifadə olunduğu bildirib.