Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp müharibənin bitməsi üçün Zelenski razılaşmaya getməli olacağını deyir

ABŞ prezidenti Donald Tramp deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasında münaqişənin bitməsindən ötrü razılaşma imzalamalı olacaq. Tramp bunu Böyük Britaniyaya yola düşməzdən öncə jurnalistlərə deyib.

"Zelenskinin razılaşmaya getməsi lazım olacaq. Avropa isə Rusiyadan neft almağı dayandırmalıdır", – Tramp vurğulayıb.

Bir ay öncə Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşünü yada salan Tramp bu görüşün "çox şeyə nail olmaq" imkanı verdiyini, ancaq "tanqo" üçün iki nəfərin gərəkdiyini bildirib. O əlavə edib ki, Putin və Zelenski "bir-birinə nifrət edir", eyni otaqda qala bilmirlər, buna görə də onların danışıqlarına şəxsən qatıla bilər.

"Münaqişənin həlli ümid etdiyimdən daha çətin imiş, çünki Putinlə Zelenski arasında dərin nifrət var. Amma biz bunu dayandıracağıq", – Tramp vurğulayıb.

Kiyev ABŞ və Ukrayna prezidentlərinin mümkün görüşünü şərh etməyib. Zelenski isə "Sky News"a müsahibəsində Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli sammitini zəruri saydığını deyib.

Kreml isə yaxın vaxtlarda belə bir üçtərəfli sammitin planlaşdırılmadığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Moskva siyasi-diplomatik yolla nizamlanmada maraqlıdır, ancaq Kiyev prosesi uzadır.