Tramp bir bəyanatla neftin qiymətini aşağı saldı
24 Yanvar 2025
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcəyini açıqlayıb.
Trampın fikrincə, neftin qiymətinin aşağı salınması Ukrayna müharibəsi məsələsində Rusiyaya təzyiq vasitəsidir.
“Neftin qiyməti aşağı düşsə, Rusiya və Ukrayna arasındakı müharibə dərhal başa çatacaq”, - ABŞ Prezidenti Davosda Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.
Bundan başqa, o, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymağa hazır olması barədə xəbərləri də xatırladıb.
Bununla bağlı Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan bu məbləği 1 trilyon dollara çatdırmağı xahiş etmək niyyətindədir.
Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.
Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.
Trampın çıxışına qədər neft bahalaşırdı.