Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ABŞ-ı ÜST və Paris İqlim Sazişindən çıxartdı

ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb.

Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib.

Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb, sənədə 195 ölkə imza atıb. Şərtlərə əsasən, iştirakçı ölkələr qlobal iqtisadiyyatın sənaye öncəsi inkişaf mərhələsi ilə müqayisədə orta illik temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü azaltmağa söz veriblər.

Donald Tramp Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında da fərman imzalayıb.

Amerika lideri, prezidentlik dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-nin ÜST-ə üzvlüyünün 500 milyon dollar, əhalisi 1,4 milyard dollardan çox olan Çinin isə təxminən 39 milyon dollar ödədiyi məlumatlara istinad edib. “Mənə elə gəldi ki, bu, bir az ədalətsizdir. Səbəb bu deyildi, amma mən ÜST-dən ayrıldım”, - Tramp deyib.