''Tomahawk'lar bizə də lazımdır' - Tramp və Zelenski Vaşinqtonda görüşdülər
18 Oktyabr 2025
ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Ukrayna "Tomahawk" raketlərinə ehtiyac duymayacaq. O, bu barədə cümə günü Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
Tramp qeyd edib ki, Birləşmiş Ştatların özünün "Tomahawk"lara, eləcə də Ukraynaya göndərdikləri bir çox başqa silah növlərinə ehtiyacı var.
"Ümidvaram ki, "Tomahawk"ların istifadəsi barədə düşünmədən də müharibəni bitirə biləcəyik ", - Tramp əlavə edib.
Kiyev dronları "Tomahawk"lar ilə dəyişmək istəyir
Zelenski Trampla görüşündə deyib ki, Birləşmiş Ştatların hərbi hədəflərə zərbə endirmək üçün Ukraynanın hücum dronlarına, Ukraynanın isə Amerikanın uzaqmənzilli "Tomahawk" raketlərinə ehtiyacı var.
"Bu müharibə texnoloji müharibədir. Təkcə "Tomahawk"lardan istifadə etmirsiniz. Hərbi hədəfi vurmaq istəyirsinizsə, minlərlə drona ehtiyacınız var. Bizim seriya istehsalı minlərlə dronumuz var, amma "Tomahawk"larımız yoxdur", - Zelenski bildirib.
O, Ukrayna və ABŞ-nin bununla bağlı əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.
Jurnalistin Vaşinqtonun belə bir sövdələşmədə maraqlı olub-olmadığı ilə bağlı sualına Tramp müsbət cavab verib. Onun sözlərinə görə, son bir neçə ildə hərbi əməliyyatlarda PUA-lardan istifadə "həqiqətən də ön plana çıxıb" və Ukrayna "çox yaxşı dronlar" istehsal edir.
+++
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoyulmasının mümkünlüyünə əmin olduğunu bildirib. O, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün açıq hissəsində bildirib.
Tramp bildirib ki, o, həm Putinin, həm də Zelenskinin müharibənin bitməsini istədiyinə inanır. "İndi buna nail olmalıyıq", - ABŞ prezidenti əlavə edib. O, Ukraynanın sülh sazişi üçün ərazilərini güzəştə getməli olub-olmayacağı sualına birbaşa cavab verməyib, müharibələri qabaqcadan proqnozlaşdırmağın mümkünsüzlüyünü vurğulayıb.
Zelenski isə "Ukrayna sülh istəyir, Rusiya isə yox" deyib və bildirib ki, ilk növbədə Ukraynada atəşkəs haqqında razılığa gəlmək lazımdır. Bundan əvvəl ABŞ lideri bunu sülh danışıqları üçün vacib şərt hesab etmədiyini demişdi.