Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı - COVID-lə mübarizə

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına olunan əlavənin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti mayın 1-dək uzadılıb.

Əvvəl bu müddət martın 1-dək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.