Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Təkcə güllər deyil" – Rusiya Ermənistandan tərəvəz və meyvə idxalını da dayandıra bilər

"Rosselxoznadzor" Ermənistandan yalnız gül deyil, tərəvəz və meyvə tədarükü ilə bağlı da problemlər olduğunu deyir. Bunu qurumun rəhbəri Sergey Dankvert bildirib.

"Problem ondadır ki, təkcə güllərlə deyil, tərəvəz və meyvələrlə bağlı da problemlərimiz var", – o, "Vesti"yə deyib.

"Rosselxoznadzor" mayın 22-dən etibarən Ermənistandan Rusiyaya gül idxalını məhdudlaşdırıb. Agentlik bildirib ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq məqsədilə verilib.

Məlumata görə, Ermənistandan idxal edilən 96.2 milyon ədəd güldə Avrasiya İqtisadi İttifaqının karantin siyahısına salınmış 135 "obyekt" (zərərverici və xəstəlik) aşkarlanıb. "Rosselxoznadzor" bildirib ki, 2026-cı ilin əvvəlindən bəri Ermənistandan Rusiyaya 16.3 min ton meyvə-tərəvəz və bitki məhsulu gətirilib. Yoxlama zamanı bu məhsullarda təhlükəli zərərverici və xəstəliklərlə bağlı 146 yoluxma faktı qeydə alınıb.

Qurumun rəhbəri S.Dankvert Ermənistanın Qida Təhlükəsizliyi Müfəttiş Orqanının rəhbəri Tiqran Petrosyan ilə danışıqlar aparıb. Tərəflər Rusiyaya idxalı qadağan edilən məhsulları istehsal edən Ermənistan müəssisələrində yoxlamaların keçirilməsi barədə razılığa gəliblər.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, ölkədən gül ixracına qoyulan məhdudiyyətlər məhsulun fitosanitar normalara uyğun gəlmədiyi hallarda tətbiq edilən adi tədbirdir. Onun sözlərinə görə, son səkkiz ildə buna bənzər onlarla hal baş verib.

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırır

Rusiya Ermənistandan gül idxalına “müvəqqəti məhdudiyyətlər” tətbiq edib. Bu, Moskva ilə Yerevan arasında gərginliyin artmasının daha bir əlamətidir.

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti – “Rosselxoznadzor” qərarını mayın 20-də gecə elan edib. Bu qərardan əvvəl isə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada digər rəsmilərlə Rusiya-Ermənistan münasibətlərinin gələcəyini müzakirə edib. Şoyqu Yerevanı Avropa İttifaqı ilə birlikdə Rusiyaya qarşı mövqe tutmaqda və digər “düşmən addımlar” atmaqda günahlandırıb.

“Moskva Ermənistan rəhbərliyinin bu gün apardığı xətti qəbul edə bilməz. Yəni söhbət Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalaraq, belə demək mümkünsə, sonradan Avropa İttifaqına keçmək xəttindən gedir”, – Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin görüşdən sonra deyib.

“Rosselxoznadzor” məhdudiyyətlərin mayın 22-dən qüvvəyə minəcəyini açıqlayıb, bunu Ermənistandan idxal edilən güllərdə “karantin obyektləri”nin aşkarlanması ilə izah edib. Qurum bildirib ki, Ermənistanın gül istixanalarında aparılan sanitar yoxlamaların nəticələri bilinənəcən məhdudiyyətlər qüvvədə qalacaq.

Rusiya hökuməti ötən yay da oxşar məhdudiyyətlər tətbiq etmişdi. Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi buna cavabında sanitar nəzarəti gücləndirmiş, “Rosselxoznadzor” üçün istixanalarda video-yoxlamalar təşkil etmişdi.

Rusiyaya gül ixracı sürətlə artır

Ötən il Cənubi Qafqaz üzrə gül istixanalarının sayı 700-ü keçib ki, bu da Rusiyaya ixracın sürətlə artdığını göstərir. “Rosselxoznadzor”un məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında Ermənistandan Rusiyaya gül ixracının fiziki həcmi təxminən 50 faiz artaraq 52 milyon gülə çatıb.

Rusiya Ermənistanın digər kənd təsərrüfatı məhsulları və alkoqollu içkiləri üçün də əsas bazardır. Rusiya rəsmiləri Ermənistan hökumətinə Avropa inteqrasiyası kursunun iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq edəndə bunu xüsusi vurğulayırlar.

Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə xəbərdarlıq edib ki, Yerevan artıq Avropa yönümlü siyasəti Aİİ üzvlüyü ilə uzlaşdıra bilməz. Aİİ Ermənistan ixracatçılarına Rusiya bazarına rüsumsuz çıxış imkanı verir.

Aprelin sonlarında Rusiya hakimiyyəti sanitar səbəbləri əsas gətirərək Ermənistanın ən məşhur mineral su brendinin satışını da dayandırıb. Ermənistanın “Jermuk Group” şirkətinin istehsal etdiyi azı 1,3 milyon şüşə mineral suyun keyfiyyət yoxlaması başa çatanadək Rusiya bazarından çıxarılıb.