Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şuşada Vaqif Poeziya Günlərindən FOTOLAR

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb. 

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib.

Qeyd edilib ki, əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı olub.

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Məsələn, Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə iştirak edən yazıçılar və şairlər Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş kitablar nəşr etdiriblər.

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışıb, şeirlər səsləndiriblər. Şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Şuşaya həsr olunmuş şerini oxuyub və öz təəssüratlarını bölüşüb. (Qafqazinfo)