Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sülh sazişinin əsas bəndləri razılaşdırılıb, Paşinyandan imza tələb olunur

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin 5 əsas bəndi üzrə razılıq əldə edib”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvnet” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən bəndlərə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. aiddir: “Geriyə yalnızca bunları həyata keçirmək qalır”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra başlayacaq.

O bildirib ki, Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş müsbət məcrada keçib.

Ermənistanın “Hraparak” qəzeti isə yazır ki, kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan sülh müqaviləsini bu ilin sonuna qədər imzalamağı tələb edir.

“Mənbəmizin məlumatına görə, bu məsələ, həmçinin oktyabrın 6-sı Praqada bağlı qapılar arxasında müzakirə olunub. Mənbə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müqaviləni noyabrın 9-u imzalamağı təklif edib”, - deyə məlumatda qeyd olunub.

Bununla yanaşı, qəzet xatırladıb ki, 2 il bundan əvvəl elə həmin gün Ermənistan tərəfi kapitulyasiya haqqında bəyanatı imzalayıb: “Paşinyan isə buna etiraz edərək bildirib ki, həmin tarix erməni xalqının yaddaşında yaxşı gün olaraq qalmayıb və onlar düşünə bilər ki, sülh müqaviləsi deyildiyi kimi bizə yeni qapılar açmaq yerinə, ikinci kapitulyasiya olacaq”.

Qəzet, həmçinin yazır ki, Azərbaycan Mehridən keçən dəhliz barəsində də tələblərini irəli sürüb.