Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə YENİ TARİFLƏR müəyyən edilib
17 Yanvar 2025
Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətləri üzrə ilk dəfə dövlət tərəfindən tariflər müəyyən edilib.
Pressklub.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
Məlumata görə, bu addım, bu sahədə işlərin indiyədək pərakəndə şəkildə və qeyri-birxətli məbləğlərlə həyata keçirilməsinə son qoyaraq xidmətlərin daha şəffaf və nizamlı şəkildə təşkil edilməsini təmin etməyə yönəlib.
İqtisadçı ekspert Samir Heydərov bu barədə bildirib ki, bu sahədə qaydaların müəyyənləşməsi xidmətlərin keyfiyyətinin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir:

“Tarif Şurasının iclasında ADSEA-nın təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi. Su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub. Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq”.
Ekspertin fikrincə, “Su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulma” operativ şəkildə həyata keçirilir: “Bu istiqamətdə xidmətin əməkdaşları abonentlərin suallarına 7/24 həm telefon, həm də sosial şəbəkə hesabları üzərindən cavab verirlər”.
Qeyd edək ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhəri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib.
Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın bir dəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.