Logo
news content
User
Kateqoriyalar

Xəbər

SOCAR-dan Aİ-92 markalı benzinin qiyməti ilə bağlı açıqlama

Bu gündən etibarən Azərbaycana idxal edilən Aİ-92 markalı benzin gömrük rüsumundan azad olunub. Qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 faizdən 0 faizə, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilib.

Nəzərə alsaq ki, hazırda digər ölkələrdə Aİ-92 markalı benzinin qiyməti onun Azərbaycandakı dəyəri ilə müqayisədə yüksəkdir və əgər qeyd olunan dövr ərzində bu növ benzinin idxalını həyata keçirəcəyiksə, idxal hansı ölkələrdən baş tutacaq və və bu məhsulun ölkəmizdəki dəyərinə təsir edəcəkmi?

Məsələ ilə bağlı açıqlama verən Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazırda müxtəlif ölkələrin şirkətləri ilə danışıqlar aparılır:

“Coğrafi yaxınlığına görə əsasən Xəzər hövzəsi və Qara dənizin hövzəsində yerləşən ölkələrdən idxal nəzərdən keçirilir. Zavodun dayandığı müddət üçün Aİ-92 benzini bir neçə ölkədən idxal oluna bilər”.

Eyni zamanda, bu qısa və keçici dövr ərzində məsələnin SOCAR tərəfindən necə tənzimlənəcəyi ilə bağlı da məlumat verən İbrahim Əhmədov əlavə edib ki, ümumilikdə, SOCAR bütün əməliyyatlarının hesabatını dövləti təmsil edən səlahiyyətli qurumlara - SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinə təqdim edir:

“Həmin qurumlar SOCAR-ın mənfəət və ya zərərindən irəli çıxan məsələlərlə bağlı strateji qərarları verir. Əgər idxal edilən benzinin qiyməti ilə ölkə daxilində benzinin satış tarifləri arasında ciddi bir fərq yaranarsa, bu məsələ dövlətin təyin etdiyi aidiyyəti qurumların nəzərinə çatdırılacaq. Lakin bir daha qeyd edim ki, Aİ-92 markalı benzinin idxalı, hər il olduğu kimi, bu il də müvəqqəti bir addım kimi həyata keçirilir və NEZ öz fəaliyyətini bərpa edəndən sonra Aİ-92 benzinin ölkə daxilində istehsalı da bərpa olunacaq”.

Qeyd edək ki, hazırda Aİ-92 markalı avtomobil benzininin 1 litr üçün pərakəndə satış qiyməti Rusiyada 1,04 AZN, Ukraynada 1,91 AZN, Gürcüstanda 1,74 AZN-i təşkil edir. Azərbaycanda isə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN-dir. (Oxu.az)