Danimarka da məktəblərdə mobil telefonları qadağan etməyə hazırlaşır
24 Noyabr 2026
Danimarka 2027-ci ildən ibtidai və ümumi orta təhsil müəssisələrində mobil telefonlara qadağa qoyulmasını təklif edəcək. Bununla yanaşı, məktəblərin internet şəbəkələrində məzmun filtrləri də tətbiq olunacaq. Bu barədə noyabrın 23-də Danimarkanın Təhsil Nazirliyi məlumat yayıb.
Təhsil naziri Maqnus Hoynike bildirib ki, sosial şəbəkələr, onlayn alış-veriş və oyunlar məktəbdə uşaqların diqqətini yayındırmamalıdır.
"Reuters"in məlumatına görə, internetə çıxışı olan digər şəxsi elektron cihazlara da qadağa şamil olunacaq.
Dərs zamanı sosial şəbəkələrə, oyun və alış-veriş saytlarına girişi məhdudlaşdırmaq məqsədilə məzmun filtrlərindən istifadə ediləcək.
Hansı saytların bloklanacağına isə ayrı-ayrı bələdiyyələr və məktəblər qərar verəcək.
İndiyədək Niderland, Cənubi Koreya və İtaliya məktəblərdə smartfonların istifadəsinə qadağa qoyub. Həmin ölkələr bu cihazların şagirdlərin diqqətinə və davranışına mənfi təsirindən narahatlıqlarını ifadə ediblər. Polşa və Çexiya isə iyunda oxşar təkliflə çıxış ediblər.
Azərbaycan məktəblərində də bu ilin iyununda mobil telefondan istifadəyə rəsmi qadağa tətbiq olunub. Belə ki, telefonu məktəbə gətirmək olar, amma dərslər bitənədək söndürülmüş və ya səssiz rejimdə məktəbin müəyyənləşdirdiyi xüsusi yerdə saxlanılmalıdır. Dərs prosesində mobil telefondan istifadə yolverilməzdir.
Müəllimin icazəsi ilə tədris məqsədləri üçün telefondan yararlanmaq mümkündür. Fövqəladə hallarda, o cümlədən sağlamlıqla bağlı zərurət yarandıqda telefondan istifadəyə icazə verilir.